Modern.az

Azərbaycandan Ermənistana qaz kəməri çəkilə bilər?

Azərbaycandan Ermənistana qaz kəməri çəkilə bilər?

İqtisadiyyat

13 Oktyabr 2025, 16:54

Avqustun 8-də Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan danışıqları regionda sülh prosesinə yeni dinamika gətirib. Görüşdən sonra tərəflərin ritorikasında müşahidə olunan yumşalma və qarşılıqlı mesajlar illərlə qapalı qalan məsələlərin praktik müstəviyə keçdiyini göstərir. Xüsusilə kommunikasiya xətləri və iqtisadi əməkdaşlıqla bağlı addımlar diqqət çəkir.

Ermənistan rəsmilərinin son çıxışlarında sərhədlərin açılması və iqtisadi inteqrasiyaya dair nikbin ton hiss olunur. Rəsmi İrəvandan səslənən bəzi açıqlamalarda iki ölkə bazarlarının bir-birinə inteqrasiyasından, qarşılıqlı ticarət imkanlarının yaranmasından bəhs olunur. Bu, regionda iqtisadi qarşılıqlı asılılığın formalaşması üçün mühüm siqnaldır.

İndi artıq söhbət təkcə siyasi sənədlərin imzalanmasından yox, real iqtisadi əməkdaşlığın gündəliyə daxil olmasından gedir. Bu konteksdə qaz tədarükü məsələsi ən real iqtisadi əməkdaşlıq hesab olunur. Ermənistanın müxtəlif deputatları, həmçinin parlamentin spikeri də Azərbaycandan qaz alına biləcəyini istinsa etməyib.

Ermənistan illərdir qaz tədarükü baxımından tam şəkildə Rusiyadan asılı vəziyyətdədir. Ölkəyə gələn əsas qaz axını “Qazprom”un nəzarətində olan “Qazprom Armenia” şirkəti vasitəsilə həyata keçirilir. İrəvanın alternativ enerji mənbələrinə çıxışı məhduddur: İranla qaz-sənaye mübadiləsi yalnız müəyyən kvotalar çərçivəsində mümkündür, Gürcüstan üzərindən əlavə tədarük marşrutu isə texniki və siyasi səbəblərlə gerçəkləşmir. Bu vəziyyət Ermənistan iqtisadiyyatını və xüsusilə sənaye sektorunu Rusiya qazının qiymət və siyasət risklərinə qarşı həssas hala gətirib.

Məhz bu kontekstdə Azərbaycan qazı mövzusunun gündəmə gəlməsi təsadüfi deyil. Bakı regionun əsas enerji ixracatçısı kimi həm infrastruktur, həm də geosiyasi baxımdan Ermənistana alternativ mənbə təmin edə biləcək yeganə real tərəfdir. Əgər yekun sülh sazişi imzalanarsa, bu, Cənubi Qafqazda enerji təhlükəsizliyi xəritəsini dəyişdirə bilər. Azərbaycanın qazı həm qiymət baxımından daha əlverişli, həm də logistik cəhətdən yaxın olduğundan Ermənistan üçün iqtisadi rasionallıq baxımından ən uyğun seçim hesab olunur.

Ekspertlər deyir ki, Azərbaycan qazının Zəngəzur dəhlizi üzərindən Ermənistana tədarükü mümkündür. Ancaq Zəngəzur dəhlizi daha geosiyasi məsələ olduğunu üçün proses bir neçə il çəkəcək.

Buna görə Gürcüstan vasitəsilə və ya sərhəd olan rayonlardan birinin üzərindən qaz kəməri ilə Ermənistana qaz tədarükü istisna edilməməlidir.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Ermənistanla kommunikasiyaların bərpa edilməsi, bir sıra məhsullar üzrə əməkdaşlıq, eləcə də ixrac müzakirə edilən məsələlərdir:

“Təbii ki, Zəngəzur dəhlizinin açılması və bu istiqamətdə görülən işlər də praktiki olaraq, kommunikasiyaların bərpasına imkan yaradacaq. Çox vacib əməkdaşlıqlardan biri Ermənistanın Azərbaycandan qaz almaq istəyi ilə bağlıdır. Ümumiyyətlə, Zəngəzur dəhlizi ilə bağlı yalnız məhsullar deyil, strateji məhsulların, xidmətin də ixrac olunacağı nəzərdə tutulur. Yaşıl enerji və elektrik enerjisinin də Zəngəzur dəhlizi vasitəsi ilə ixracı müzakirə edilən məsələlərdir. Mavi qaz əməkdaşlığına gəldikdə, sülh müqaviləsi imzalandıqdan sonra ölkələrarası iqtisadi əməkdaşlıq gözlənilir. Sülh müqaviləsinin bağlanması ölkələrin bir-birini diplomatik olaraq tanıması və diplomatik əlaqələr qurması anlamına gələcək”.

Parlamentari vurğulayıb ki, Ermənistan Gürcüstan üzərindən daxili şəbəkə vasitəsilə qaz ala bilər:

“Azərbaycan Cənub Qaz dəhlizi vasitəsilə Avropaya Gürcüstan üzərindən mavi qaz ixrac edir. Əslində, Ermənistan tərəfi də Gürcüstan ərazisindən daxili şəbəkə vasitəsilə Azərbaycan mavi qazını ala bilər. Bu əslində daha asan və az xərc tələb edən metoddur, nəinki birbaşa Ermənistana mavi qaz ixracı ilə əlaqədar ayrıca bir xəttin çəkilməsi. Belə bir əməkdaşlıqla bağlı qərar verilərsə, gözlənti ondan ibarətdir ki, Gürcüstan üzərindən mavi qazın Ermənistana ixracı mümkün ola bilər. Cənubi Qaz dəhlizindən artıq bir neçə ölkə qaz alır. O cümlədən Yunanıstan, Bolqarıstan, interkonnektinin istifadəyə verilməsi Cənub Qaz dəhlizi vasitəsilə Azərbaycan qazını alan ölkələrin sayını artırdı. Ona görə də sülh müqaviləsi imzalandıqdan sonra, bu istiqamətdə razılıq əldə edilərsə, Gürcüstan üzərindən Ermənistana Azərbaycan mavi qazının verilməsi real görünür”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası