Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması gözlənilir. Hazırda bununla bağlı qanun layihəsinin işlənməsi prosesi gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, özəl pensiya fondlarının yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.
“Xüsusilə nəzərə alsaq ki, bir tərəfdən bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı işlər görülür, digər tərəfdən isə yeni mexanizmin hazırlanması da özəl pensiya fondlarının formalaşdırılmasında əsas istiqamətlərdən biridir”.
Millət vəkilinin sözlərinə görə, ilk növbədə sözügedən kontekstdə qanunvericilik bazasının formalaşdırılması mühüm əhəmiyyət daşıyır:
“Milli Məclisin Əmək və sosial siyasət komitəsində də bu məsələ - yəni, özəl pensiya fondları ilə bağlı qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsi müzakirə olunan əsas məsələlərdən biridir. Bu baxımdan gözlənilir ki, yaxın zamanlarda layihələrin hazırlanması və təqdim olunması mümkün olacaq və həmin layihələr Milli Məclisdə müzakirəyə çıxarılacaq”.
Deputat həmçinin vurğulayıb ki, özəl pensiya fondları vətəndaşlar üçün həm də alternativ və paralel seçim imkanı yaradacaq:
“Bu sistem vətəndaşlara imkan verəcək ki, aylıq ödənişlər etməklə özəl pensiya fondlarında fərdi kapitala malik olsunlar və pensiya dövründə dövlət pensiyası ilə yanaşı, özəl pensiya fondundan da əlavə gəlir əldə etsinlər. Bu isə təbii olaraq pensiya məbləğinin artmasına səbəb olacaq.
Bundan əlavə, özəl pensiya fondlarında yığılan vəsaitin müəyyən hissəsindən daha tez istifadə imkanı da olacaq. Məhz bu baxımdan özəl pensiya fondları daha cəlbedicidir”.
V.Bayramovun sözlərinə görə, gözlənti ondan ibarətdir ki, artıq bu ilin sonuna qədər qanunvericilik layihələrinin hazırlanması və razılaşdırılması mümkün ola bilər:
“Bu isə o deməkdir ki, bu ilin sonu və gələn ildən etibarən həmin layihələrin Milli Məclisdə müzakirəsini müşahidə edə bilərik”.
O eyni zamanda diqqətə çatdırıb ki, özəl pensiya fondları vətəndaşlar üçün paralel yığım imkanı baxımından da mühüm əhəmiyyət daşıyır:
“Məsələn, əgər bir vətəndaş dövlət pensiya fondundan 600 manat pensiya alırsa, özəl pensiya fonduna etdiyi yığımlar hesabına əlavə 300 manat da əldə edə bilər. Nəticədə onun ümumi pensiyası 600 manat deyil, 900 manata qədər arta bilər. Bu isə vətəndaşın gəlirlərinin artması baxımından mühüm üstünlük sayılır”.
Deputat qeyd edib ki, digər tərəfdən, beynəlxalq təcrübədə də olduğu kimi, özəl pensiya fondlarında toplanmış kapitalın müəyyən hissəsindən pensiya yaşı tamam olmadan da istifadə etmək mümkündür:
“Məsələn, əgər vətəndaşın fonda yığılmış 60 min manat vəsaiti varsa, onun üçdə bir hissəsini 50-55 yaşında kreditin qaytarılması, müəyyən xərclərin ödənilməsi və digər ehtiyaclar üçün istifadə edə bilər”.
Müsahibimiz özəl pensiya fondlarının daha çevik bir mexanizm kimi çıxış edəcəyini də nəzərə çatdırıb:
“Bu fondlar vətəndaşlara əlavə kapital formalaşdırmaqla yanaşı, həmçinin erkən dövrdə həmin vəsaitdən istifadə imkanı da yaradır. Beləliklə, vətəndaşların pensiya təminatı güclənir, habelə maliyyə dayanıqlılığı artır”,- deyə V.Bayramov fikrini tamamlayıb.