Modern.az

İqtisadçılar Mərkəzi Bank sədri qarşısında bu məsələləri qaldırdılar

İqtisadçılar Mərkəzi Bank sədri qarşısında bu məsələləri qaldırdılar

İqtisadiyyat

23 Oktyabr 2025, 17:53

Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabr ayının 22-də bir qrup ekspertlə görüşüb.

Modern.az-ın məlumatına görə, görüş zamanı pul-kredit siyasəti, nəzarət və tənzimləmə çərçivələri, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də mərkəzi bankçılığın aktual məsələləri ətrafında müzakirələr aparılıb.

Görüşdə iştirak edən iqtisadçılar təəssüratlarını bölüşüblər.

Eldəniz Əmirov görüşdə biznes kreditlərinin kredit portfelində artım dinamikasının yetərli səviyyədə olmamasına diqqət çəkdiyini bildirib:

"Bir neçə saat davam edən bu görüşdə bankçılıq və maliyyə sisteminin müxtəlif istiqamətlərini və mövcud vəziyyəti müzakirə etdik. Mən bir neçə məsələyə, o cümlədən də biznes kreditlərinin kredit portfelində artım dinamikasının yetərli səviyyədə olmamasına diqqət çəkdim və sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək təşviqedici mexanizmlərin hazırlanmasının vacibliyini vurğuladım".

Natiq Cəfərli qeyd edib ki, onu maraqlandıran iki önəmli məsələ olub:

"Mənim üçün iki önəmli məsələ oldu, onları qeyd edim:

1) Taleh Kazımov qeyd etdi ki, şəxsən özü və rəhbəri olduğu dövlət qurumu kiçik sahibkarlar üçün 2006-cı ildə tədbiq olunan və israrla dəyişdirilməyən 200 minlik dövriyyə limitinin dəyişdirilməsinin tərəfdarıdır. İndi kiçik sahibkarın dövriyyəsi 200 mini keçən kimi “şanlı” vergi orqanları onları ƏDV-yə cəlb edir, 18% əlavə dəyər vergisi ödəyicisinə çevrilirlər. Bu doğru deyil, 200 minlik məbləğ çox aşağıdır, ən azı, 500 min manat olmalıdır. Xatırlayırsınızsa, bu problemi illərdir qaldırıram, kiçik sahibkarlara dəstək olmağa çalışıram, xoş oldu ki, Taleh müəllim də eyni mövqedədir.

2) Mərkəzi Bank ölkədə ÜDM-ın artım tempinin aşağı, inflyasiyanın yuxarı olmasından narahatdır, amma əlində olan alətlərlə bu problemlərin həllində aktiv ola bilmir. Mən onu da əlavə edim ki, indiki iqtisadi sistem o qədər primitivdir ki, MB-ın iqtisadi alətlərlə tənzimləmə imkanlarını məhdudlaşdırır. Deməli, məntiqlə, iqtisadi sistemdə köklü islahatlara getmək lazımdır ki, Mərkəzi Bank da öz regulyativ funksiyalarını effektiv yerinə yetirə bilsin.

Mərkəzi Bank tənqidlərə, təkliflərə açıqdır, bu təqdir olunmalı yanaşmadır, amma, məsələ budur ki, Mərkəzi Bank dövlət qurumu olaraq elə özü də hökumətin sistemdaxili tənqidçisinə çevrilməlidir, bax bu hələ ki, baş vermir..."

Osman Gündüz isə görüşlə bağlı bunları deyib:

"Görüşdə bundan öncəki müzakirələrdə qaldırılan bəzi məsələlərin icrası ilə bağlı məlumatlar verildi.

Mənim diqqət yetirdiyim məsələlər virtual aktivlər və vençur maliyyələşmə haqqında qanun layihələrinin hazırlanma vəziyyəti, bank kartları ilə bağlı cinayətlər haqqında məlumatların açıqlanması, kriptobazarın tənzimlənməsi və kriptokartların buraxılması ilə bağlı oldu.

Mərkəzi Bank rəhbərinin ekspertlərlə mütəmadi fikir mübadiləsi və ikitərəfli dialoqun inkişafı istiqamətindəki səyləri təqdirəlayiqdir".

Əkrəm Həsənov verdiyi sualla bağlı bunları qeyd edib:

"Mənim sualım bank sistemi üçün ən əhəmiyyətli məsələlərdən biri ilə bağlı idi - əmanətlər haqda. Məlumdur ki, banklar uzunmüddətli əmanətlərdə maraqlıdır. Lakin hazırda bir bank - “Turanbank” uzunmüddətli əmanətlər üçün təhlükə yaradıb. Deməli, müştəri bu banka 100 min dollar əmanət yerləşdirib 2009-cu ildə, 3 il sonra isə vəfat edib. Övladı yalnız indi sənədlərin içində əmanət müqaviləsini və kassa çekini (həmçinin bir torpaq sahəsinə mülkiyyət sənədini) tapıb və notariusa müraciət edib. Lakin “Turanbank” bildirir ki, guya əmanətçi hələ 2010-cu ildə əmanətini çıxarıb. Bank bunu nə ilə sübut edir? Heç nə ilə! Deyir ki, 2016-cı ildə isə bununla bağlı bütün sənədləri məhv edib, çünki Mərkəzi Bankın qaydalarına əsasasən sənədləri azı 5 il saxlamalıdır, 5 il bitib, o da sənədləri məhv edib.

Başqa sözlə, “Turanbank” demək istəyir ki, banklarımızda 5 ildən çox əmanət saxlamaq çox təhlükəlidir. Çünki 5 ildən sonra gəlib əmanəti istəsəz, bank deyə bilər ki, elə sabahısı gün gəlib çıxarmısan, 5 il ötüb, o da sənədləri məhv edib. Bank sistemi üçün bundan böyük təhlükə ola bilməz əlbəttə: əmanətçilər üçün qeyri-müəyyənlik yaratmaq! Niyəsə İsveçrə banklarına bir əsr sonra da müraciət edib pulunu istəyə bilərsən, amma bizim bir bankımız bütün bank sisteminin nüfuzuna xələl vuraraq belə absurd mövqe nümayiş etdirir.

Problem özü də ondadır ki, bu mövqeyi sıravi bank işçisi deyil, bankın İdarə Heyətinin sədri yazılı şəkildə bildirir. Dəhşətdir! İndiyədək bu bank bilmir ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə şamil olunmur. Mərkəzi Bank deyəndə ki, sənədi azı 5 il saxla, bu o deməkdir ki, yoxlmaya gələndə 5 illik sənədləri istəyə bilər. Amma təbii ki, bankın müştəri qarşısında öhdəliyinin icrasını təsdiq edən sənədin saxlanılması ilk növbədə bankın özünə lazımdır. Çünki əmanəti qaytarmasına dair sübutetmə yükü onun üzərindədir.

Baş bankir məsələnin araşdırılacağını bildirdi və təsdiq etdi ki, Mərkəzi Bankın tələbləri sırf banklara aiddir, müştərilərə aid deyil. Ümid edirəm ki, digər banklarda belə hallar yoxdur və yalnız “Turanbank”da 5 ildən çox pul saxlamaq təhlükəldir. Lakin buna necə əmin olaq? Bir bank bütün bank sisteminin üzünü qara edə bilər..."

Samir Əliyev söyləyib ki, görüşdə Mərkəzi Bank rəhbərliyi ilə fikir ayrılığı da, üst-üstə düşən mövqelər də olub:

"Bizi qane edən cavablar da verildi, qane etməyənlər cavablar da. Ən əsası fərqli fikirlər və mövqelər görüşün əhəmiyyətini azaltmadı. 

Müzakirələrdə səsləndirdiyim fikirləri nəzərə almasaq görüşdə 2 sual vermək imkanı da oldu. Birinci sual onunla bağlı idi ki, niyə dövlət vergi və rüsumları ödəyəndə banka komissiya ödəyirik? Halbuki digər ödənişlərdə, o cümlədən kommunal, rabitə və s. ödənişlərində bu tələb olunmur. Sual həm də ritorik idi. Çünki cavabı özümə də məlumdur. Digər şirkətlər bunun banklara ödənişlər edir, dövlət isə yox. Hər bir halda bu məsələnin qaldırılması çox vacibdir. Çünki xüsusilə də dövriyyəsi kiçik olan fərdi sahibkarlar üçün büdcə ödənişləri (vergi, sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və s. ) onlar üçün əlavə xərc yükü yaradır. Bəzən olur ki, büdcəyə 1 manat vergi borcun qalır, onu ödəmək üçün onun 40%-i (40 qəpik) həddində komissiya ödəməli olursan.

İkinci sual bir bankın digər bankın kartını iqnor etməsi ilə bağlı idi. Söhbət ondan gedir ki, bankdan ödəniş kartı götürdükdə və ya mövcud kartın istifadə müddətini artırdıqda buna görə banklara xidmət haqqı ödəyirsən. Bunun üçün həmin vəsaiti ya nağd, ya da həmin bankın kartı vasitəsilə ödəyə bilərsən. Digər bankın ödəniş kartı ilə ödəniş etməyə icazə verilmir. MB rəhbəri bu məsələni araşdıracağına söz verdi".

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?