Modern.az

Baş nazir, yoxsa bloger?

Baş nazir, yoxsa bloger?

Analitika

29 Oktyabr 2025, 09:16

Ermənistan baş naziri Nikol Paşinyan son həftələrdə qəribə kommunikasiya strategiyası seçib. O, hər səhər sosial şəbəkələrdə musiqi sədaları altında video paylaşır. Videoların "ssenari"si, demək olar ki, eynidir. Arxa fonda musiqi, kameraya gülümsəmə və sonda əli ilə ürək forması göstərir. 

“Ürək” jesti artıq onun siyasi ritorikasının bir hissəsinə çevrilib. Paşinyanın tərəfdarları hər gün sosial şəbəklərdə kütləvi şəkildə oxşar videolar paylaşır, baş nazirə dəstək ifadə edirlər. Mediada bu şəxslərin hökumət tərəfindən səfərbər edildiyi barədə xəbərlər yayılıb.

Paşinyanın davranışları, təbii ki, spontan deyil, planlı və seçkiqabağı xarakter daşıyan bir mesajlaşmadır. O, siyasətə jurnalist və sosial media fəalı kimi gəlib və hakimiyyətə gəldikdən sonra da bu üslubdan tam imtina etməyib.

Lakin son paylaşımlar onun kommunikasiya strategiyasında yeni mərhələnin başladığını göstərir. Avqustun 8-də Vaşinqtonda imzalanan birgə bəyannamə Paşinyanın seçkiqabağı strategiyasının tərkib hissəsinə çevrilib. O, hər yerdə sülhdən danışır, 1 il 8 aydır sərhəddə heç bir əsgərin ölməməsi ilə fəxr edir.

Paşinyan özünü hökumət başçısından çox “xalqın gündəlik həyatında görünən sima” kimi təqdim edir. Kommunikasiya mütəxəssisləri üçün bu, yad mənzərə deyil. Paşinyanın strategiyası qərb populizminə bənzər bir yanaşmadır, o daha çox xalqa xoş görünmək, sülh mesajı vermək istəyir.

Sosial şəbəkədə “mülayim” və “insani” obraz yaratmaq Paşinyanın əsas mesajıdır. O, çətinliklər, iqtisadi problemlər və siyasi təzyiqlər fonunda seçicilərə emosional stabil görüntü ötürür. “Gülürəm, deməli, hər şey qaydasındadır” mesajı ilə ictimai gərginliyi yumşaltmaq istəyir.

Gələn ilin iyul ayında parlament seçkiləri planlaşdırılıb, lakin yerli media prosesi daha erkən tarixə çəkiləcəyini ehtimal edir. Bu səbəbdən Paşinyanın “səhər videoları” artıq seçki kampaniyası materialına çevrilib.

Ermənistanda siyasi rəqabət bu dəfə klassik debatlarla deyil, informasiya məkanına nəzarət uğrunda aparılır. Rusiyameylli qüvvələrin sıxışdırılması, kilsə ilə qarşıdurma və bir sıra keşişlərin həbsi Kremlin təsirinin azaldılması planının tərkib hissəsidir. 

Paşinyanın yanaşması “bloger siyasəti” adlandırıla bilər: siyasi qərarların izahı və ya dövlət proqramlarının təqdimatı yox, daha çox emosional jestlər və simvollar ön plandadır. Amma bu üsul iki nəticəyə gətirə bilər.

Birincisi, Paşinyan bu yolla qısamüddətli reytinq qazanır, sosial şəbəkələrdə diqqət toplayır. 

İkincisi, bu, dövlət idarəçiliyi üçün risklidir. Çünki sosial emosiyalarla formalaşan siyasi kapital çox kövrəkdir: bir böhran və ya sosial partlayış həmin kapitalı bir gün içində sıfırlaya bilər.

Paşinyanın sosial mediada “yumşaq güc” nümayiş etdirməsi Qərb auditoriyası üçün də mesaj daşıyır. Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşdığı bir dövrdə Paşinyan “müasir, açıq və şəffaf lider” obrazını beynəlxalq səviyyədə də möhkəmləndirməyə çalışır. Lakin daxildə bu siyasətin effektivliyi sual altındadır. Cəmiyyətin əhəmiyyətli hissəsi iqtisadi gərginlik, miqrasiya və təhlükəsizlik böhranı fonunda bu “pozitiv şou”ya ironik yanaşır.

Elnur Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq