Payız mövsümü meyvələrinin qiymətində artım müşahidə olunur və bu hal bir neçə əsas amillə əlaqələndirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin avqust ayında Azərbaycanda istehlakçı qiymət indeksi əvvəlki ilin eyni ayı ilə müqayisədə təxminən 6,6 faiz artıb. Bu artım xüsusilə qida məhsulları üzrə daha aydın hiss olunur.
Modern.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, ölkə ərazisində qida mallarının idxalında artım qeydə alınsa da, meyvə və tərəvəz ixracının yüksəlməsi daxili bazarda bahalaşmaya səbəb olub. Onun sözlərinə görə, paytaxt bazarlarında meyvələrin qiymətləri “əl yandıran” səviyyəyə qədər yüksəlib.
“Payız aylarında adətən yerli məhsulların bolluğu fonunda ucuzlaşma gözlənilsə də, bu il əksinə, müəyyən bahalaşma tendensiyası müşahidə edilir. Əsas səbəblərdən biri təklifin məhdudlaşmasıdır. Hava şəraitinin qeyri-sabit keçməsi, məhsulun yetişmə dövrünün uzanması və logistika zəncirində yaranan çətinliklər bazara çıxarılan meyvə həcmini azaldıb. Bununla yanaşı, idxal və yerli istehsal arasındakı balansda və valyuta məzənnəsində olan dəyişikliklər də meyvə qiymətlərini təsir edə bilər”.
Ekspert vurğulayıb ki, digər tərəfdən, logistika və maya dəyərinin artması da qiymət artımına təsir göstərən amillər sırasında yer alır:
“Mövsüm dəyişikliyi ilə əlaqədar daşınma və saxlama xərclərinin artması meyvələrin satış qiymətinə birbaşa təsir edib. Daxili bazarda bəzi meyvələrə olan tələbatın artması da bahalaşmanı dərinləşdirən amillərdən sayılır. Nümunə olaraq, payız mövsümündə xüsusilə C vitamini ilə zəngin meyvələrə - sitrus növlərinə maraq artır”.
Müsahibimizin fikrincə, qlobal bazarlarda və valyuta məzənnələrindəki dəyişikliklər də qiymət formalaşmasına təsir göstərən mühüm faktorlardandır:
“İdxal və yerli istehsal arasında balansın pozulması, valyuta məzənnəsindəki dəyişikliklər nəticəsində də qiymətlərdə müəyyən dəyişikliklər yarana bilir.
Hazırda konkret qiymət artımına gəlincə, əsasən sitrus meyvələrində, üzüm və digər şirəli meyvələrdə, həmçinin alma və heyva kimi payız məhsullarında müşahidə olunur. Sitrus növlərinin bazara bir müddətdir çıxmasına baxmayaraq, onların kiloqramla qiyməti 4-5 manat civarındadır. Üzüm və oxşar meyvələrdə ixracın artması səbəbindən də yerli bazarda təklif azalıb. Alma və heyva kimi meyvələrin mövsümündə isə “bolluq” gözlənsə də, qiymətlərdə ciddi ucuzlaşma baş verməyib”,- A.Nəsirli bildirib.