Hər böyük uğur ilk növbədə kiçik addımlarla başlayır.
Modern.az xəbər verir ki, bunu Avrasiya Gənc İş Adamları Forumunda çıxışı zamanı KOBİA sədri Orxan Məmmədov bildirib.
“Gənc sahibkar sadəcə bir biznes adamı deyil – o, yaradıcı insandır. O, ideyanı reallığa çevirən yolun əsas memarıdır. O, riskin içində ümid, çətinliklərin içində isə fürsət görən bir insandır. Və unutmayaq ki, hər böyük uğur ilk növbədə kiçik addımlarla başlayır.
Bu gün ölkəmiz – Azərbaycan, gənclərin təşəbbüskarlığına inanır və ona dəstək verir. Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq gənclərimizlə, gənc sahibkarlarımızla müxtəlif sahələrdə çalışırıq. Müxtəlif dəstək alətləri və mexanizmləri ilə onlara yardım göstəririk. Onların dəyişiklik yaratma potensialına sonsuz inamımız var.
Çünki hər yeni biznes, hər yeni addım, hər yeni startap, ideya və təşəbbüs ölkəmizin gələcəyinə yönəlmiş bir investisiyadır.
Əziz gənclər, dəyərli gənc sahibkarlar və dostlar!
Əgər siz öz ideyanıza, başlanğıcınıza inanırsınızsa – demək artıq qalibsiniz. Əgər cəmiyyətə dəyər qatmaq istəyirsinizsə – siz artıq sahənizin liderisiniz. Əgər siz kiminsə həyatına bir qədər də olsa müsbət təsir edə bilirsinizsə – siz artıq bir iş adamısınız.
Bu forumun əsas məqsədi yalnız əlaqələr qurmaq deyil. Əlbəttə, burada faydalı əlaqələr qurulacaq, amma ən başlıcası bir ruh yaratmaqdır – dürüstlük, zəhmətkeşlik və halal qazanc ruhu. Bu ruhun yönləndirdiyi istiqamət isə Avrasiya coğrafiyasında dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur”,-o deyib.