Modern.az

“Avrasiya Gənc İş Adamları Forumu-EYBF 2025”də nələr danışıldı... - FOTOLAR

“Avrasiya Gənc İş Adamları Forumu-EYBF 2025”də nələr danışıldı... - FOTOLAR

İqtisadiyyat

1 Noyabr 2025, 16:33

Bu gün Bakıda Gənc MÜSİAD-ın təşkilatçılığı, Türkiyə Prezident Administrasiyasının İnvestisya və Maliyyə Ofisi, Türkiyənin Gənclik və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəsmi tərəfdaşlığı ilə "Avrasiya Gənc İş Adamları Forumu-EYBF 2025"  keçirilib.

Modern.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclər və idman nazirinin müavini Dr. Enis Eminoğlu, Gənc MÜSİAD İdarə Heyəti sədrinin müavini Ali Osman Özen, KOBİA-nın rəhbəri Orxan Məmmədov, Milli Məclisin deputatları Azər Əmraslanov, Ceyhun Məmmədov, Vüqar İskəndərov, Naqif Həmzəyev və iş adamları iştirak ediblər.

Tədbir başlamazdan öncə 44 günlük Vətən Müharibəsində şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Bundan sonra tədbirin rəsmi hissəsi başlanıb. İlk söz gənclər və idman naziri Fərid Qayıbova verilib.

Nazir çıxışında Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqda danışıb. O bu siyasətin təməlinin Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və həmin siyasətin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

F.Qayıbov 2 fevral Gənclər Günü ərəfəsində keçirilən Gənclər Həftəsinə də toxunaraq, Prezident İlham Əliyevin həmin gənclərlə görüşdüyünü və müxtəlif sahələrdə fərqlənən gənclərin mükafatlandırıldığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, mükafat kateqoriyalarından biri də  innovasiya sahəsini əhatə edir.

Nazir çıxışının sonunda “Avrasiya Gənc İş Adamları Forumu-EYBF 2025”in təşkilində əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.

“Bu gün iştirak etdiyimiz  forum da çox yüksək səviyyədə təşkil olunub. Əmək göstərən hər kəsə təşəkkür edirəm. İnanıram ki, bu forum yeni tanışlıqlar və uğurlu nəticələrlə yuekunlaşacaq.

Sonda fürsətdən istifadə edərək, həmkarım Osman Aşkına və  Türkiyənin Gənclik və İdman Nazirliyinə bu forumun dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Hamınıza uğurlar arzulayıram”.

Daha sonra söz Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədova verilib.

Orxan Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin gənclərlə və gənc sahibklarla müxtəlif sahələrdə çalışdıqlarını diqqətə çatdırıb:

“Müxtəlif dəstək alətləri və mexanizmləri ilə gənclərə yardım göstəririk. Onların dəyişiklik yaratma potensialına sonsuz inamımız var. Çünki hər yeni biznes, yeni addım, startap, ideya və təşəbbüs ölkəmizin gələcəyinə yönəlmiş bir investisyadır”.

O, qeyd edib ki, forumun əsas məqsədi yalnız əlaqələr qurmaq deyil:

“Əlbəttə, burada faydalı əlaqələr qurulacaq, amma ən başlıcası bir ruh yaratmaqdır - dürüstlük, zəhmetkeşlik və halal qazanc ruhu. Bu ruhun yönləndirdiyi istiqamət isə Avrasiya coğrafiyasında dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur”.

Türkiyə gənclər və idman nazirinin müavini Dr. Enis Eminoğlu çıxış edərək Bakıya gəlməyindən məmnun olduğunu bildirib və tədbirin önəmindən danışıb. O, Türkiyənin gənclər və idman nazirinin Azərbaycan gənclər və idman naziri Fərid Qayıbova salamını çatdırıb.

Gənc MÜSİAD başqanı Mağsum Usta isə çıxışı zamanı bu gün sərmayənin yalnız pul olmadığını diqqətə çatdırıb.

“Sərmayə bilik, texnologiya, çeviklik və güvən deməkdir. Bir ölkənin və ya investorun əlindəki  imkanlardan çox, yarada bildiyi dəyərdən və şəriklikdən doğur. Bu baxımdan Avrasiya məkanı gənc investorlar və iş dünyası üçün  böyük bir labaratoriya rolu oynayır. Fərqli mədəniyyətlərin və istehsal formalarının kəsişdiyi bu geniş coğrafiyada  işbiriyi artıq bir seçim yox, gələcək üçün refleksdir. Gənclər olaraq bu refleksi  şəbəkə halına gətirmək üçün çalışırıq. Ölkə daxilində 55, ölkə xaricində 40 fərqli şöbəmizlə yalnız gənclik təşkilatı yox, eyni zamanda fikir, istehsal və təşəbbüs şəbəkəsi halına gəldik. Hər bir üzvümüzün tək öz ölkəsində yox, eyni zamanda öz qitəsində söz sahibi ola bilməsi üçün layihələr həyata keçiririk”,- o deyib.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli isə çıxışında gənclərin birliyinin gücünə diqqət çəkib.

R.Cabirli vurğulayıb ki, dünya dəyişəsə də, sahibkarlığın mahiyyəti dəyişmir:

“Bu gün Azərbaycan və Türkiyə gəncliyi qlobal bir gücdür. Elə bir toxum əkilib ki, bu toxum dünyanın  hər yerində Azərbaycan və Türkiyə üçün bar verəcək. Əsas hədəfimiz dəyər yaratmaqdır”.

Bundan sonra tədbirin rəsmi hissəsi başa çatıb. Daha sonra müxtəlif mövzular ətrafında panel müzakirələr aparılıb.

Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu