Modern.az

Aİ-95 markalı benzin bahalaşacaq?

Aİ-95 markalı benzin bahalaşacaq?

İqtisadiyyat

3 Noyabr 2025, 17:00

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə, 2026-cı ildən avtomobil benzini, dizel yanacağı və maye qazın dəyərinə əlavə olunan (hər litr üçün) 2 qəpik yol vergisi 7 qəpik olacaq. Həmçinin büdcə layihəsində qeyd olunub ki, gələn il Azərbaycanda Aİ-95 istehsal edilməyəcək. 

Sözügedən qərarın Azərbaycanın benzin bazarına necə təsir edəcəyi, qiymətlərin artmasına səbəb olub-olmayacağı indidən müzakirə mövzusudur.  

Məsələ ilə əlaqədar Modern.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, əksər ölkələrdə benzinin qiyməti ilə neft qiymətləri adekvat və düzmütənasibdir:

"Düşünürəm ki, Azərbaycanda Aİ-95 markalı benzinin istehsal edilməməsi, bu növ benzinin satış qiymətinə o qədər də ciddi təsir etməyəcək. Onsuz da böyük hissə idxaldan asılı idi. Qarşıdakı dövrdə neft qiymətlərinin artma ehtimalı çox az olduğundan və əksinə, onun daha çox azalma tempi üzərində müzakirələr aparıldığından idxal etdiyimiz Aİ-95 markalı benzinin də qiymətində artımların olmayacağını deyə bilərik. Əksər ölkələrdə benzinin qiyməti ilə neft qiymətləri adekvat və düzmütənasibdir. Yəni neftin qiyməti qalxdıqda benzinin də qiyməti qalxır, əksinə, neft ucuzlaşdıqda benzin də ucuzlaşır. Önümüzdəki ildə neft qiymətinin artacağı proqnoz edilmir, bu səbəbdən də Aİ-95 markalı benzinin qiymətinin artması ehtimalı çox aşağıdır".

Avtomobil benzini, dizel yanacağı və maye qazın dəyərinə əlavə olunan (hər litr üçün) 2 qəpik yol vergisinin 7 qəpiyə qalxması ilə bağlı isə iqtisadçı bunları deyib:

"Bu, 250%-lik bir artımdır. Düzdür, bu o qədər də böyük rəqəm olmasa da, faiz etibarilə böyük bir göstəricidir. Hesab edirəm ki, bu faktorun qiymətə təsir edib-etməyəcəyi ilə bağlı birmənalı şəkildə nəsə demək bir qədər risklidir. 5 qəpiklik artım ehtimalı mümkündür. Amma digər tərəfdən, neftin qiymətində enişləri və benzin istehsalında maya dəyərinin aşağı düşməsi vergidəki 5 qəpik artımı kompensasiya edə bilər. Bütün hallarda benzinin də qiymətinin növbəti il qalxmama ehtimalı olduğundan buna bir fürsət var. Amma qərarın necə veriləcəyi ilə bağlı konkret söz demək indiki halda mümkün deyil. Qiymətlərin tənzimlənən olması, yəni iqtisadiyyatın özü tənzimləmədiyindən qərarvericilərin hansı qərarı verməsi barədə konkret fikir söyləmək mümkün deyil". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!