“Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmiş, 76,0%-i regionların payına düşmüşdür”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat siyasət, sənayə və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Fondun vəsaiti hesabına banklar vasitəsi ilə 2025-ci ilin yanvar-sentyabr ayları ərzində sahibkarların ümumi dəyəri 564 mln. manat olan 4590 investisiya layihəsinə 250 mln. manat güzəştli kredit verilmişdir” – deyə o bildirib.
M.Cabbarov deyib ki, 1 oktyabr 2025-ci il tarixinədək 508 sahibkarlıq subyektinə 612 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,4 milyard manata yaxın investisiyanın yatırılması, 44 mindən çox iş yerinin açılması nəzərdə tutulub.