“Ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarların dəstəklənməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu addımlar qeyri-neft sənayesinin inkişafına, iri şəhərlərdə, eləcə də bölgələrdə yeni istehsal və emal müəssisələrinin, iş yerlərinin yaradılmasına stimul verir”.
Modern.az xəbər verir ki, bunu İqtisadiyyat nazirin müavini Anar Axundov Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini vurğulayıb ki, ÜDM-in növbəti ildə 2,9%, 2026-2029-cu illərdə orta illik hesabla 3,5%, qeyri-neft-qaz ÜDM-nin növbəti və ortamüddətli dövrdə isə orta illik hesabla 5% ətrafında artacağı proqnozlaşdırılır.
“İqtisadi artıma təsir edən mühüm amillərdən biri neft-qaz hasilatıdır. Ümumilikdə, 2026-cı ildə neft hasilatının 27,6 mln. ton, əmtəəlik qaz hasilatının 38,0 mlrd. m3 olacağı proqnozlaşdırılır” – deyə o bildirib.
“Məlum olduğu kimi, ölkə başçısının müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətdə intensiv işlər görülür.
Bu sənədlərin reallaşması ölkə iqtisadiyyatının mənzərəsində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq, xüsusilə prioritet sahələrdə iqtisadi artım templəri sürətlənəcək, iqtisadi artımın və məşğulluğun dayanıqlığı daha da artacaqdır”.