“Ermənistan Azərbaycanın siyasi-iqtisadi-hərbi üstünlüyünü birmənalı şəkildə qəbul edərsə, təbii olaraq, iqtisadi əlaqələr yaranacaq. Bütün bunlar daha çox Ermənistana lazımdır. Çünki onların həm coğrafi mövqeyi əlverişsizdir, həm də xammal ehtiyatları yoxdur. Ermənistanın dördüncü böyük vergi ödəyicisi olan Mis-molibden kombinatı xammalsız qalıb. Əvvəl müəssisə misi Qarabağdakı yataqlardan əldə edirdi”.
Bu sözləri Modern.az-a iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsidir. Eyni zamanda zəngin karbohidrat ehtiyatımız var. Ermənistana ilkin olaraq neft və enerji hasilatının ixracını həyata keçirmək olar:
“Bilirsiniz ki, Ermənistan hal-hazırda Rusiyadan qaz idxal edir və tamamilə ondan asılı vəziyyətdədir. Alternativlər axtararaq İran vasitəsi ilə bəzi bölgələrinin tədarükünü görməyə çalışsa da bu, qənaətbəxş deyil”.
İqtisadçının fikrinə görə kimya sənayesində ixracat mümkündür. Regionun ən böyük karbonit zavodu və bu qəbildən olan istehsallar yalnız Azərbaycandadır. Belə məhsullar Ermənistan üçün zəruri mallardır. Həmçinin neft-qaz tullantılarından hasil edilən xammalları Ermənistan tərəfi bizdən idxal edə bilər.

O qeyd edib ki, kənd təsərrüfatı sahəsində də iqtisadi münasibət mümkündür. İşğal dövründə Ermənistanın taxıla olan 200 min tonluq tələbatının 120-150 min tonu Qarabağ ərazisindən əldə edilirdi. Qazaxıstan və Mərkəzi Asiya ölkələri ilə idxal əməliyyatlarına ehtiyac buradan qaynaqlanıb:
“Tikinti materiallarının ixracı reallaşdırıla bilər. Azərbaycanda müəyyən tikinti materiallarının istehsalı üçün xammal potensialı var”.
Ekspert bildirib ki, ticarət əlaqələri üçün logistika məsələlərinə də baxılmalıdır. Uzun illər heç bir əməkdaşlığın olmaması infrastrukturun aşınması ilə nəticələnib. Həmçinin müharibə dönəmində relyefin və tikililəri dağıntıya məruz qalması quruculuq işlərini zəruri edir.
Cavid Zahidoğlu