Modern.az

Azərbaycanda üfüqi yoxlamalar başlayır - Deputat İZAH ETDİ

Azərbaycanda üfüqi yoxlamalar başlayır - Deputat İZAH ETDİ

İqtisadiyyat

17 Noyabr 2025, 15:20

Azərbaycanın vergi sistemində üfüqi monitorinqlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bununla bağlı növbəti ildən Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, üfüqi monitorinq Vergi Məcəlləsi və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar üzrə həyata keçirilir.

Üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, Üfüqi yoxlama mexanizminin əsas məqsədi  qanunvericiliyə uyğun olaraq vergilərin vaxtında və düzgün şəkildə hesablanması, həmçinin büdcəyə köçürülməsinin təmin edilməsidir. Onun sözlərinə görə, bu prosesdə vergilərin düzgün hesablanması və vergi qanunvericiliyinə uyğun şəkildə büdcəyə ödənilməsi əsas monitorinq predmetidir.

“Üfüqi yoxlama səyyar (yerində aparılan) yoxlama deyil. Onun əsas xüsusiyyəti ondan ibarətdir ki, bu mexanizm bir tərəfdən vergi inzibatçılığının gücləndirilməsinə xidmət edir, digər tərəfdən isə sahibkarların gündəlik fəaliyyətinə birbaşa müdaxilə etmir.

Bu mexanizm çərçivəsində vergi orqanları ilə sahibkarlar arasında əməkdaşlıq və qarşılıqlı razılaşma əsasında yoxlamaların monitorinqi həyata keçiriləcək. Üfüqi yoxlamadan sahibkarın çıxarılması və səyyar yoxlamanın aparılması yalnız monitorinq nəticəsində qanun pozuntularının aşkar edilməsi və ya bu pozuntuların təkrarlanması halında mümkün olacaq”.

Deputat bildirib ki, ümumilikdə, bu islahat vergi ödəyiciləri və vergi xidməti orqanları arasındakı münasibətlərin yeni mərhələyə keçidini təmin edir:

“Eyni zamanda, sahibkarların fəaliyyətinin dəstəklənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu yanaşma yoxlamalar üçün vaxt itkisinin qarşısını alır, şəffaflığı artırır və qarşılıqlı etimad mühitini möhkəmləndirir”.

V.Bayramov son olaraq onu da əlavə edib ki, üfüqi yoxlama mexanizmi Azərbaycanda vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə, eləcə də dövlət büdcəsinə daxilolmaların vergitutma mənbələrindən artmasına töhfə verəcək yeni və müasir bir yanaşmadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!