Modern.az

Palata hökumətin inflyasiya proqnozuna şübhə ilə yanaşır

Palata hökumətin inflyasiya proqnozuna şübhə ilə yanaşır

İqtisadiyyat

13 Noyabr 2025, 11:42

Hesablama Palatası 2026-cı il üçün hökumətin təqdim etdiyi inflyasiya proqnozuna şübhə ilə yanaşır.

Modern.az-ın məlumatına görə, bu, Palatanın gələn ilin büdcəsinə verdiyi rəydən məlumat olub.

Hökumətin rəsmi proqnozuna əsasən, gələn il orta illik inflyasiya 4,8% olmalıdır. Lakin Palata hesab edir ki, mövcud tendensiyalar fonunda bu rəqəm həddindən artıq optimist görünür.

Palata qeyd edir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında 5,7% orta illik inflyasiya qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz bəndi sürətlənib.

İstehlak səbətinə daxil olan bütün alt qruplar üzrə qiymət artımı sürətlənib, baxılan dövrdə ən yüksək bahalaşma xidmətlər və qida malları, içkilər və tütün məmulatları üzrə qeydə alınıb.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan bazis inflyasiyası orta illik qiymətləndirmədə 4,6%-ə bərabər olub.

Hesabat dövründə inflyasiyanın sürətlənməsinə həm xarici, həm də daxili amillər təsir edib. Əsas ticarət tərəfdaşlarında qiymət bahalaşması sürətləib, bu da ölkədaxili qiymət artımına öz təsirini ötürüb. DSK-nın məlumatlarına əsasən, cari ilin 8 ayında ölkəyə idxal olunan məhsullar üzrə qiymət indekslərində orta illik qiymətləndirmədə 24,8% (ötən ilin 8 ayında 17,0%) artım izlənilib. Manatın nominal effektiv məzənnəsinin hesabat dövrünün müxtəlif aylarında cüzi ucuzlaşması da idxal inflyasiyasına bu faktorun azaldıcı təsirini zəiflədib.

Bəzi ticarət tərəfdaşları üzrə valyutaların möhkəmlənməsi (məsələn, avro, rubl və s.) nominal effektiv məzənnə indeksinin dinamikasına təsir edib. 2025-ci ilin 9 ayında istehsalçı qiymətləri üzrə indekslərin artım tempi sürətlənib, bu qiymət indeksləri orta illik qiymətləndirmədə qeyri neft-qaz sənayesi üzrə 4,6% (əvvəlki ilin müvafiq dövrü üzrə 2,4%), kənd təsərrüfatı məhsulları üzrə 9,0% (əvvəlki ilin müvafiq dövrü üzrə 3,7%) artıb.

2025-ci ilin dövlət büdcəsi layihəsində orta illik inflyasiya 4,6% proqnozlaşdırılıb, 2026-cı ilin büdcə layihəsi tərtib olunan zaman 2025-ci ilin gözlənilən rəqəmi 5,4%-ə yüksəldilib. Dəqiqləşdirilmənin əsas səbəbləri kimi cari ilin ötən dövründə faktiki inflyasiya, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər göstərilib.

Hesablama Palatası təhlillərlə inflyasiyanın gözlənilən rəqəmdən az olmayacağı (nisbətən yüksək olacağı) qənaətinə gəlib. Təqdim olunan “Büdcə zərfi”nə əsasən, növbəti ildə orta illik inflyasiyanın 4,8% olacağı proqnozlaşdırılır. Hesabat dövründə qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi məhsul və xidmətlərin qiymət artımının laq effekti, eləcə də cari ilin gözlənilən rəqəmi nəzərə alındıqda, növbəti il üzrə inflyasiyanın proqnozlaşdırılması zamanı optimist yanaşmanın tətbiq edildiyi qənaətinə gəlinir.

Sizə yeni x var
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR