Noyabrın 14-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "Yaşıl Enerji Dəhlizi"nin yaradılması üzrə nazirlərin Budapeşt görüşü mühüm nəticələrlə yekunlaşıb. Layihə çərçivəsində Azərbaycan resursları vasitəsi ilə Avropanın enerji təminatı həyata keçiriləcək.
Mövzu ilə bağlı Modern.az-a iqtisadçı Asif İbrahimov deyib ki, məqsəd bərpa olunan enerjinin – hidroenerjinin nəqlidir:
“Bu, Azərbaycanın strateji planıdır. İşğaldan azad olunmuş ərazilərdə bu kimi layihələrin eksperimental səviyyədə tətbiqinə başlanılıb. Müasir innovasiyaların tətbiqini əsas götürən Azərbaycan “Yaşıl enerji dəhlizi” layihəsində də açar rolunu oynayır”.
O qeyd edib ki, bir sıra infrastruktur layihələrin icrası artıq həyata keçirilib. 10-15 ərzində Yaşıl Enerji Dəhlizi hesabına Azərbaycanın ixrac ölkəsi olması növbəti dəfə təsdiqini tapacaq.
İqtisadçı deyib ki, belə razılaşmaların maliyyələşməsində Azərbaycan özü aparıcı olur. Amma bu burada belə görünür ki, donor təşkilatlar da iştirak edəcək.
Enerji kəmərinin Qara dənizdən keçən hissəsi ilə bağlı iqtisadçı qeyd edib ki, sualtı xətlərin çəkilməsi daha çox xərc və səriştə tələb edir:
“Azərbaycanın sualtı infrastrukturun yaradılmasında təcrübəyə sahibdir. Əvvəl də bənzər proyektlər icra edilib. Partnyor ölkə, Türkiyə ilə təcrübə mübadilələri aparılıb”.
Asif İbrahimov deyib ki, razılaşmada xəttin təhlükəsizliyi ilə bağlı məsələlər dəhlizin keçdiyi ölkələrin hər birinin diqqətindədir və razılaşmada əksini tapıb:
“Beynəlxalq səviyyədə konsensusun əldə olunması qorunma istiqamətində mühüm nailiyyət olardı. Layihə Avropa İttifaqının Azərbaycan tərəfindən enerji ilə təmin olunmasında həlledici rol oynayacaq”, - deyə iqtisadçı vurğulayıb.
Cavid Zahidoğlu