Azərbaycanın vergi qanunvericiliyinə görə, bir sıra hallar istisna olmaqla, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bu həcmi keçən sahibkarlar sadələşdirilmiş deyil, əlavə dəyər vergisi ödəyir.
Vergi qanunvericiliyindəki bu müddəa artıq uzun illərdir tətbiq olunur. Uzun müddətdir ki, bu məbləğin artırılıb-artırılmayacağı müzakirə olunur.
Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, növbəti ildən sadələşdirilmiş vergi üçün limit 200 min manatdan 400 min manata dək artırılacaq.
“Burada həm də keyfiyyət meyarı olaraq məhz nağdsız hesablaşmalardan istifadə nəzərə alınacaq. Əgər sahibkarın subyekti bütövlükdə nağdsız hesablaşmalardan istifadə edirsə, o zaman 400 min manatlıq limiti tam olaraq istifadə edə biləcək”.
Digər hallarda isə nağd və nağdsız limitlər əmsal olaraq nəzərə alınıb hesablanacaq:
“Bu da imkan verəcək ki, sahibkar 200 min manatlıq limiti istifadə edən zaman daha böyük dövriyyədən faydalana bilsin. Növbəti ildən etibarən sadələşdirilmiş vergi ödəyiciləri üçün dövriyyəni 2 dəfə artırılmasını müşahidə edəcəyik. Digər tərəfdən də bu nağdsız hesablaşmaların stimullaşdırılmasını və sadələşdirilmiş dövriyyələrin artmasına imkan yaradacaq” – deyə Vüqar Bayramov vurğulayıb.
Qeyd edək ki, gələn ilin büdcə zərfində Vergilər Məcəlləsinə bir sıra dəyişiklər edilməsi nəzərdə tutulub. Dəyişikliyə görə, Məcəllənin 218.1.1-ci maddəsində nəzərdə tutulan vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.