Neft sektorunun iqtisadiyyatda payının azalması və onun fonunda iqtisadi artımın cari ilin 10 ayında 1,3 faiz təşkil etməsi, cari ilin sonuna 3 faiz gözlənilməsi və növbəti il üçün 2,9 faiz proqnozlaşdırılması bəzilərinin təqdim etdiyi kimi nə durğunluqdur, nə də hər hansı iqtisadi patologiyadır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri vurğulayıb ki, 2026-cı il üzrə gözlənilən qlobal artım tempi ilə eyni səviyyədə proqnozlaşdırılan iqtisadi artım sənayenin strukturundakı dəyişikliklərlə bağlıdır.
“Bu, konkret olaraq neft hasilatının aşağı düşməsini əks etdirir. Reallıq bundan ibarətdir ki, hasilatın azalması da öz növbəsində transformasiya səbəbindən qeyri-neft sektorunda artım tempini də aşağı sala bilir. Görəsən, iqtisadiyyatın, sənayenin strukturundakı yeniləşmə, neft hasilalatının geoloji və texnoloji xüsusiyyətindən irəli gələn azalma meyilləri nə vaxtdan iqtisadi tənəzzül və ya durğunluq hesab edilir?!”, - deyə A.Əmiraslanov əlavə edib.