Modern.az

İnflyasiya nə qədər olacaq? - Mərkəzi bank sədrindən  CAVAB

İnflyasiya nə qədər olacaq? - Mərkəzi bank sədrindən  CAVAB

İqtisadiyyat

19 Noyabr 2025, 13:08

“Cari ilin oktyabrında 12 aylıq inflyasiya 5,9% təşkil edib. Ərzaq inflyasiyası 8,2%, qeyri-ərzaq mallarında qiymətlər 2,5% artmış, xidmətlər üzrə inflyasiya isə 5,6% səviyyəsində olub. İllik baza inflyasiyası isə 5% təşkil edib”.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, cari ildə də inflyasiyanın 70%-dən çox hissəsi təklif, xüsusilə də xarici təklif amilləri hesabına formalaşıb. Bu da monetar siyasətlə inflyasiyaya reaksiya imkanlarını məhdudlaşdırır.

“Qiymətləndirmələrə görə, 2025-ci ilin oktyabr ayında illik inflyasiyada ticarət tərəfdaşlarındakı inflyasiya 3 faiz bəndi artıcı təsir göstərmişdir. Bu dövrdə nominal effektiv məzənnənin inflyasiyaya təsiri neytral olub. Lakin kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi inflyasiyaya 3,9 faiz bəndi artıcı təsir etmişdir” – deyə o qeyd edib.

Taleh Kazımov əlavə edib ki, 2025-ci ilin sonuna Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, illik inflyasiyanın 6% səviyyəsində formalaşacağı gözlənilir:

"2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmiş, bu da qiymət sabitliyinə zəruri dəstək vermişdir.  

Tədiyyə balansının cari əməliyyat hesabının profisitdə qalması və iqtisadi gözləntilərin effektiv idarə olunması valyuta bazarında tarazlığı dəstəkləmişdir.  

Bu proseslərlə yanaşı, 2022-ci ildən etibarən Mərkəzi Bank tərəfindən pul siyasətinin ötürücülüyünün gücləndirilməsi üzrə həyata keçirilən islahatlar iqtisadiyyatda dedollarlaşma meyillərini də gücləndirmişdir.  

Belə ki, rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1 faiz bəndi azalaraq oktyabr nəticələrinə əsasən 28,5% səviyyəsinə enmişdir ki, bu da tarixi minimumdur".

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu