Modern.az

İpoteka və Kredit Zəmanət Fondunda ekspertlərlə görüş keçirildi

İpoteka və Kredit Zəmanət Fondunda ekspertlərlə görüş keçirildi

İqtisadiyyat

20 Noyabr 2025, 16:14

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun “2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası”na uyğun olaraq daşınmaz əmlak sahəsində ixtisaslaşmış ekspertlərlə görüş keçirilib.

Modern.az xəbər verir ki, yaşayış maliyyəsi alətlərinə həsr olunmuş görüşdə Fondun vəsaiti hesabına ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə dair təqdimatlar edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış İpoteka və Kredit Zəmanət Fondu Qafqaz bölgəsinin ilk ipoteka bazarı operatorudur. Dövlət vəsaiti hesabına 2006-ci ildən ipoteka kreditlərinin, 2007-ci ildən isə güzəştli ipoteka kreditlərinin verilməsinə başlanılıb. 2025-ci ilin 20 noyabr tarixinə dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin məbləği 3,7 milyard manat təşkil edib ki, bunun da 1 milyard 16 milyon manatı güzəştli ipoteka kreditlərinin payına düşür.

Eyni zamanda, 2020-ci ildən başlayaraq satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara kirayə mənzillər təqdim olunur. Ötən dövrdə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib.

İndiyə qədər Fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə 64647 ailənin mənzil şəraiti yaxşılaşıb. Bu çərçivədə 56190 ipoteka krediti verilib və 8457 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdıranların 70 faizə yaxını gənclər və gənc ailələrdir.

Qeyd edilib ki, ipoteka kreditləşməsi, eləcə də satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə proseslər tam avtomatlaşdırılıb və bütün müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.

Görüşdə ətraflı müzakirələr aparılıb, ekspertləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə