Modern.az

Minimum əməkhaqqıdan vergi tutulmamalıdır! - EKSPERT

Minimum əməkhaqqıdan vergi tutulmamalıdır! - EKSPERT

İqtisadiyyat

24 Noyabr 2025, 13:56

Milli Məclisin ötən həftə keçiriləm plenar iclasında Vergi Məcəlləsinə və bir sıra qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunarkən minimum əməkhaqqının vergidən azad edilməsi məsələsinə toxunulub. Bildirilib ki, bu il özəl sektorda əməkhaqqına tətbiq olunan vergi güzəştlərinin müddəti başa çatıb və növbəti ildən etibarən özəl sektorda çalışan, aylıq əməkhaqqısı 2500 manata qədər olan işçilərdən 3 faiz vergi tutulacaq. Qeyd edilib ki, həm dövlət, həm də özəl sektorda 200 manatadək gəlir vergi hesablanarkən çıxılma kimi nəzərə alınır. Məsələn, özəl sektorda çalışan vətəndaşın əməkhaqqı 1000 manat olduqda, bu məbləğdən əvvəlcə 200 manat çıxılır, qalan 800 manat isə 3 faiz dərəcə ilə vergiyə cəlb olunur və nəticədə 24 manat vergi hesablanır.

Modern.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, minimum əməkhaqqı vergidən azad edilməlidir. Hazırda minimum əməkhaqqıya görə Dövlət Sosial Müdafiə Fonduna ödəniş edilir və bu vergi məbləği cəmi 6 manat təşkil edir.

“2026-cı ilin dövlət büdcəsi müzakirələrində əsas müzakirə mövzularından biri yeni artan vergi dinamikasıdır. 2026-cı ilin yanvarın 1-dən etibarən özəl sektor və qeyri-neft sektorunda vergilərin 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz artırılması nəzərdə tutulur”.

İqtisadçının sözlərinə görə, əsas məsələ minimum əməkhaqqının hansı məbləğdə müəyyən ediləcəyidir:

“Məsələn, hazırda minimum əməkhaqqı 400 manatdır. Bu halda əməkhaqqından vergi hesablanarkən əvvəlcə həmin 400 manat çıxılmalı, yalnız qalan məbləğ vergiyə cəlb edilməlidir. Bir çox ölkələrdə də məhz bu yanaşma tətbiq olunur. Məsələn, vətəndaş 1000 manat maaş alırsa, əvvəlcə 400 manat (minimum əməkhaqqı) çıxılır və yalnız yerdə qalan 600 manatın vergisi hesablanır”.

Natiq Cəfərlinin sözlərinə görə, bu yanaşma dəfələrlə təklif edilib və hesab edilir ki, o, ən düzgün mexanizmdir:

“Ümid edirik ki, büdcə layihələrinin müzakirəsi zamanı bununla bağlı tələb olunan qanun layihələrinin qəbulu da nəzərdə tutulacaq. Bu halda təklifimiz nəzərə alınacaq və reallaşa bilər.

Nəticə etibarilə, minimum əməkhaqqı vergidən azad ediləcək və yalnız minimum əməkhaqqını aşan hissədən vergi tutulacaq”,- deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı