Modern.az

Özəl pensiya fondları ilə bağlı qanun HAZIRLANIB

Özəl pensiya fondları ilə bağlı qanun HAZIRLANIB

İqtisadiyyat

25 Noyabr 2025, 14:48

Azərbaycanda özəl pensiya fondlarının yaradılması məsələsi yenidən ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

Modern.az fondların yaradılması barədə prosesin hansı mərhələdə olduğunu öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy ilə əlaqə saxlayıb.

Qurumdan verilən açıqlamada deyilir ki, qeyri-dövlət pensiya fondları ilə bağlı hüquqi bazanın tam formalaşdırılması üçün “Qeyri-dövlət pensiya fondları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb və layihə aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Bu sahədə yenilik olduğu halda əlavə məlumat veriləcək.

Saytımıza açıqlamasında iqtisadçı Eldəniz Əmirov qeyd edib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması ümumi ekosistem üçün faydalı olardı.

“Bu gün insanların fərdi şəkildə investisiya fəaliyyəti ilə fərdi qaydada məşğul olması üçün daha geniş seçim imkanlarına ehtiyac duyulur. Xüsusilə gəliri yüksək olan şəxslərin öz vəsaitlərini gələcək təminatı üçün yönəldə biləcəyi müxtəlif investisiya platformalarına, o cümlədən etibarlı özəl pensiya fondlarına ehtiyac yaranır. Bu baxımdan belə fondların formalaşdırılması insanlara seçim imkanı verir və ümumilikdə müsbət hal kimi qiymətləndirilir”.

İqtisadçı vurğulayıb ki, burada əsas sual özəl pensiya fondlarının Azərbaycanda uğurla fəaliyyət göstərə bilməsiylə bağlıdır. Onun sözlərinə görə, bu, məsələnin ikinci, amma ən mühüm tərəfidir:

“Dünya təcrübəsi də göstərir ki, özəl pensiya fondlarının uğurlu olduğu ölkələrdə adətən geniş və rəqabətqabiliyyətli investisiya fondları mövcud olması ilə yanaşı, maliyyə bazarları kifayət qədər dərin və likvid olur. Bank sektorunda və digər sahələrdə likvidliyin aşağı olması fonunda, iqtisadiyyata əlavə kapital axınına ehtiyac duyulan ölkələrdə isə özəl pensiya fondları daha uğurlu nəticələr verə bilir”.

E.Əmirov onu da əlavə edib ki, belə fondların mahiyyəti insanların etibarla yerləşdirdiyi vəsaiti səmərəli şəkildə idarə edərək daha yüksək gəlir əldə etməkdən ibarətdir:

“Nəticədə həmin gəlirin bir hissəsi pensiyaçıların hesabına yönəldilir. Bu isə sadəcə qoyulan məbləğin qaytarılması deyil, uzun illər ərzində indeksasiya və digər şərtlərlə artırılmış gəlirliliyin təmin edilməsini nəzərdə tutur. Bu proses sadə deyil və ciddi idarəetmə mexanizmləri tələb edir.

Elə bu səbəbdən Azərbaycanda özəl pensiya fondlarının fəaliyyətə başlaması ilə bağlı müəyyən açıq suallar qalır. Bununla belə, düşünürəm ki, ölkəmizdə belə bir fondun yaradılması və praktiki olaraq istifadəyə verilməsi, ən azından bir təcrübə olaraq, sınaqdan keçirilməsi vacibdir”,- deyə iqtisadçı qeyd edib.

Sizə yeni x var
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU