Modern.az

Məhsul festivalları şou xarakterli olmamalıdır - Komitə sədri

Məhsul festivalları şou xarakterli olmamalıdır - Komitə sədri

İqtisadiyyat

27 Noyabr 2025, 16:54

Azərbaycanın bölgələrində müxtəlif məhsul festivalları təşkil olunur. Bu proses indi də davam etdirilir. Belə ki, gələn həftə Neftaçala rayonunda balıq festivalı keçiriləcək.

Bu il Samuxda ərik festivalı, Şəmkirdə tərəvəz festivalı, Kürdəmirdə bostan festivalı, Xaçmazda şaftalı festivalı, Göygöldə moruq festivalı, Şamaxıda üzüm və şərab festivalı, Masallıda çəltik-düyü festivalı, Saatlıda pambıq festivalı, Balakəndə xurma festivalı, Ağdaşda heyva festivalı, Göyçayda nar festivalı keçirilib.

Bəzən belə irad tutulur ki, hansısa rayonda ona adiyyəti olmayan məhsul üzrə festival keçirilir. Məsələn, Samuxda ərik festivalı keçiriləndə, çoxları təəccüblənmişdi.

Ümumiyyətlə, bu festivalların məqsədi nədir, onların hansı təsirləri var?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a bildirib ki, rayonlarda müəyyən bayramların, festivalların keçirilməsi bilavasitə bizim adət-ənənələrimizlə sıx bağlıdır:

“Tarixən belə məhsul bayramları keçirilib. Hansısa bir günün qeyd olunması ilə bağlı tədbirlər təşkil olunub. Bu gün də müxtəlif festivallar keçirilir. Bu da həmin məhsulun bilavasitə təbliğ olunması, həm də insanların əməyinin qiymətləndirilməsi baxımından önəm daşıyır. Nar, xurma festivalları keçirildi, indi də balıq festivalı keçirilir. Belə festivallar region insanlarının arzusunun, istəyinin bilavasitə ifadəsidir. Və həm də həmin məhsulların bölgə üçün önəmli olduğunu təsdiq edir”.

Komitə sədri vurğulayıb ki, bu festivallar şou xarakterli olmamalıdır:

“Məhsul festivalları nümunəvi təşkil olunmalıdır. Ortaya çıxarılan məhsulların dəyəri, əhəmiyyəti, onların insanlara rahatlıq gətirməsi, adamların maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün müəyyən reklamların, göstəricilərin həmin festivallarda nümayiş etdirilməsi vacibdir. İndi balıq məhsulu nümayiş etdirilirsə, onun region üçün verdiyi fayda, insanların maddi vəziyyətinin yaxşılaşmasına göstərdiyi təsir, həmin məhsulun yetişdirilməsi üçün hansı vasitələrdən istifadə olunması festivalda əksini tapmalıdır. Və insanlar həmin məhsulun ərsəyə gəlməsi ilə bağlı aydın təsəvvürlərə yiyələnməlidirlər. Bu festivallar həm də gənc nəsildə əməyə həvəs oyatmalı, insanlara situmul verməlidir. Ona görə də hesab edirəm ki, festivalların keçirilməsi heç də mənfi hal kimi qarşılanmamalıdır. Bir çoxları bəzən “nəyə lazımdır?”, “belə bir vaxtda kimsə özünü göstərmək istəyir” kimi iradlar səsləndirirlər. Yox, axı bu, insanların sevinci, həmin məhsula dəyəridir, zəhmət çəkənlərin əməyinə qiymət verilməsidir. Ancaq yenə deyirəm, festivallar şou xarakterli, başdansovdu təşkil edilməməlidir. Hansısa mənfi hallara yol açmamalıdır”.


Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bölgələrdə məhsul festivallarının keçirilməsinin bir neçə əsas məqsədinin olduğunu vurğulayıb:

“Əvvəla, bu festivallar yerli kənd təsərrüfatı məhsullarının tanıdılması və təşviqi üçün platforma yaradır. Hər bir festival həmin bölgənin məhsul potensialını, ənənəvi və xüsusi məhsullarını həm yerli sakinlərə, həm də turistlərə göstərmək imkanı verir. Bu, həm də yerli istehsalçıların məhsullarını birbaşa satışa çıxarması və bazar imkanlarını genişləndirməsi üçün əhəmiyyətlidir.

İkincisi, festivallar bölgələrdə turizmin inkişafına təkan verir. İnsanlar məhsul festivalına gəlmək üçün həmin bölgəyə səfər edir, bu isə yerli xidmət sektoru-otel, restoran, nəqliyyat və s. üçün əlavə gəlir yaradır. Bu festivallar həmçinin sosial və mədəni həyatın canlanmasına, yerli icmaların bir-biri ilə əlaqələrinin güclənməsinə xidmət edir”.

Akif Nəsirli qeyd edib ki, bəzən rayonlarda onların ixtisaslaşmadığı məhsul üzrə festival keçirilməsinə iradlar bildirilir:

“Bu iradlarla bağlı qeyd etmək olar ki, festivalların məqsədi təkcə ixtisaslaşmış məhsulları təqdim etmək deyil. Bəzi hallarda yeni məhsul və layihələrin təşviqi, yerli istehsalçıların bacarıqlarının artırılması və bazar imkanlarının genişləndirilməsi də məqsəd ola bilər. Həmçinin, belə tədbirlər bölgədə innovasiya və maraq yaratmaq, gələcəkdə həmin məhsulun istehsal potensialını inkişaf etdirmək üçün bir stimul rolunu oynaya bilər.

Qısaca desək, festivallar həm iqtisadi, həm sosial, həm də mədəni məqsədlərə xidmət edir. İxtisaslaşmadığı məhsul üzrə festival keçirilməsi isə yeni imkanlar yaratmaq və yerli istehsalı stimullaşdırmaq baxımından mənalıdır.

Yəni festivallara mühafizəkar və neqativ yanaşmaq olmaz, çünki təsirləri uzunmüddətli olur. Təhlillər zamanı festivalların təsirləri görünür”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı