Qazaxıstan bu ay əsas ixrac marşrutu olan Xəzər Boru Konsorsiumunun (KBK) fəaliyyətində yaranan məhdudiyyətlər səbəbindən nəqli daha çox Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə yönəltməyə qərar verib.
Beləliklə, Qazaxıstan dekabrda Aktau limanından BTC-yə göndərilən neftin həcmini 30% artıraraq gündə 188 min tona çatdırmağı planlaşdırır. Ay ərzində BTC ilə 170 min ton Tengizchevroil (TŞO) nefti və 18 min ton Kaşaqan nefti nəql olunacaq.
Modern.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycanın uzaq prespektivdə böyük həcmdə əldə etdiyi gəlirlərin bir hissəsi dəhlizlər üzərindən olacaq:
“Dəhliz dedikdə biz yalnız avtomobil və dəmir yollarını nəzərdə tutmuruq. Dəhliz həm də enerji və kommunikasiya dəhlizləridir. Bakı-Tbilisi-Ceyhan Azərbaycanın yaratdığı uğurlu bir enerji dəhlizidir. Bu dəhliz ölkə üçün hələ uzun illər dividentlər qazandıracaq”.
İqtisadçı vurğulayıb ki, məhz Qazaxıstan neftinin artıq bir neçə ildir, Bakı-Tbilisi-Ceyhan boru kəməri üzərində ixrac olunması, Azərbaycana və SOCAR-a birbaşa dvidentlər qazandırır:
“Bakı-Tbilisi-Ceyhan boru kəmərində Azərbaycanın həm dövlət, həm də SOCAR vasitəsilə payı vardır. Digər ölkələrin, o cümlədən Qazaxıstan neftinin ixracı zamanı artıq kəmərin gəlirləri, yəni avtomatik əməliyyat mənfəəti artır. Belə olan halda payçıların da gəlirləri artır. SOCAR da payçı olaraq öz gəlirini əldə edir. Bu da ölkəmizin iqtisadi gəlirlərinə birbaşa müsbət təsir göstərir”.

E.Əmirov qeyd edib ki, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixracının gətirəcəyi dividentləri birmənalı olaraq, rəqəmlərlə söyləmək mümkün deyil:
“Hazırki məqamda birmənalı olaraq rəqəmlər üzərindən nəsə demək çətindir. Ən azı ona görə ki, bununla bağlı dolayı hissə üzrə statistik göstərici mövcud deyil. Dəqiq məbləğ söyləmək üçün konkret data olmalıdır”.
İqtisadçı vurğulayıb ki, burada təkcə iqtisadi dividentlərdən söhbət getmir: “Bu kəmər həm də ölkəmiz üçün siyasi divident qazanırır. Ölkənin həm Qazaxıstan, həm də Avropada tranzit ölkə kimi nüfuzu qalxır”.