Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir.
Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5.9% təşkil edib.
Məlumata görə, illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.5% təşkil edib. İllik baza inflyasiya 5% olub. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.
"Baza ssenariyə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir", - məlumatda vurğulanıb.
"Ötən iclasdan bəri inflyasiya riskləri balansında baş verən dəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyini göstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif – xərc amilləri hesabına formalaşmaqdadır. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır", - məlumatda qeyd edilib.