Yaxın gələcəkdə birinci faza çərçivəsində Bakı Limanının illik yükaşırma həcminin 260 min TEU-ya çatdırılması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Dəniz Limanına (Ələt Limanı) təşkil edilmiş mediatur çərçivəsində limanın direktoru Eldar Salahov media nümayəndələrinə müsahibəsində bildirib.
O qeyd edib ki, müasir dövrdə yükdaşımaların əsas istiqamətinin konteynerləşmə olduğu nəzərə alınaraq, bu sahədə dövlət tərəfindən müvafiq dəstək göstərilir.
E.Salahov xatırladıb ki, 2018-ci ildə Bakı Limanı istifadəyə verilərkən onun illik yükdaşıma gücü 15 milyon ton, konteyner dövriyyəsi isə 100 min TEU olaraq qiymətləndirilib:
“Hazırda bu hədd artıq aşılıb. İki qurumun birləşməsi əməliyyat səmərəliliyini yüksəldib və əlavə investisiyalar olmadan limanın potensial konteyner dövriyyəsi 150 min TEU səviyyəsində qiymətləndirilir”,- deyə limanın direktoru bildirib.
E.Salahov qeyd edib ki, 2025-ci ildə konteyner dövriyyəsi 104–105 min TEU ətrafında olacağı gözlənilir ki, bu da ötən illə müqayisədə təxminən 40 faiz artım deməkdir:
“Gələn il üçün proqnozlara əsasən, konteyner dövriyyəsinin ən azı 110 min TEU-dan yuxarı olacağı gözlənilir. Artan yük tələbatını qarşılamaq üçün genişləndirmə və optimallaşdırma tədbirləri nəzərdən keçirilir. Yük axınlarının artması Azərbaycanın əlverişli coğrafi mövqeyi və dövlət başçısının apardığı məqsədyönlü nəqliyyat siyasəti ilə birbaşa bağlıdır. Xüsusilə Orta Dəhliz üzrə Azərbaycanın rolu da getdikcə daha da güclənir”.