Modern.az

Azərbaycanın turizmdən əldə etdiyi gəlir AÇIQLANIB

Azərbaycanın turizmdən əldə etdiyi gəlir AÇIQLANIB

İqtisadiyyat

23 Dekabr 2025, 11:46

Qoruqlar üzrə fəaliyyət qlobal və milli turizm çağırışları nəzərə alınmaqla formalaşdırılır. BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2024–2028-ci illər üzrə proqnozlarına əsasən, qlobal turizm artımı illik 3–5 faiz təşkil edir. 

Modern.az xəbər verir ki, bu barədə İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, Bakı üzrə turist sayı 2,1 milyon nəfərə çatıb ki, bu da əvvəlki dövrlə müqayisədə 31 faiz artım deməkdir. Milli turizm gəlirləri isə 1,4 milyard manata yüksəlib və 24 faiz artım qeydə alınıb.

Qeyd olunub ki, rəqəmsallaşmanı qəbul edən tarixi şəhərlərin payı 78 faiz təşkil edir və bu kontekstdə İçərişəhərdə xidmət keyfiyyətinin artırılması, inteqrasiya olunmuş marşrutların yaradılması, xidmətlərin təkmilləşdirilməsi və “Ağıllı Qoruq” modelinə keçid əsas prioritetlər sırasındadır.

Bundan əlavə, mövcud turist axınının strukturuna da toxunulub. 

Bildirilib ki, turistlərin 54 faizi Azərbaycan vətəndaşlarının payına düşür. Xarici turistlər arasında isə Avropa, Türkiyə, MDB, ərəb ölkələri və digər regionlardan gələn ziyarətçilər üstünlük təşkil edir.

2025-ci il üçün nəzərdə tutulan müsbət dəyişikliklər sırasında məhsul portfelinin diversifikasiyası, yerli auditoriya üçün mədəni-maarifləndirici formatların genişləndirilməsi, eləcə də beynəlxalq turizm platformalarında İçərişəhərin təmsilçiliyinin gücləndirilməsidir. 

Mətbuat konfransında 2026-cı il üçün əsas hədəflər də açıqlanıb. 

Bunlara mövsümi asılılığın azaldılması və dayanıqlığın təmin edilməsi, yeni turizm məhsulları və xidmətlərin yaradılması, muzey və ekspozisiyaların yenilənməsi, innovativ yanaşmaların tətbiqi daxildir.

Maliyyə hədəflərinə gəlincə isə, bildirilib ki, əsas məqsəd büdcədənkənar gəlirlərin artırılması və 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməkdir. 

2025-ci il üzrə gəlir modelində dövlət dəstəyinin payı 52 faiz, kommersiya gəlirlərinin payı 23,3 faiz, turizm və muzey gəlirlərinin payı 20 faiz təşkil edir. 2028-ci il üçün isə kommersiya gəlirlərinin 30 faizə, turizm və muzey gəlirlərinin 35 faizə çatdırılması, dövlət dəstəyinin isə 4.5 faizə endirilməsi planlaşdırılır.

Konfrans çərçivəsində 2026-cı il üzrə əsas layihələr də təqdim olunub. Bunlar “Ağıllı Qoruq” modelinin tətbiqi, “İçərişəhər x Bir” strateji əməkdaşlıq layihəsi, Dövlət İnvestisiya Proqramı çərçivəsində tarixi abidələrin bərpası, İnkişaf Fondunun yaradılması və vahid məlumat və xidmət mərkəzi çərçivəsində xidmət əhatəsinin genişləndirilməsindən ibarətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır