Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il dövlət büdcəsinin tətbiqi barədə fərmanına əsasən, dövlət aparatının saxlanılması, müdafiə, təhsil və sosial sahələr üzrə vəsaitlərin bölgüsü təsdiq edilib.
Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, büdcə xərcləri mərkəzləşdirilmiş və yerli xərclər olmaqla aşağıdakı əsas istiqamətlər olaraq 1. Müdafiə və milli təhlükəsizlik: (8,7 milyard AZN), 2. Ümumi dövlət xidmətləri (İdarəetmə): 5,5 milyard AZN, 3. Təhsil: 5 milyard AZN, 4. Sosial müdafiə və sosial təminat: 4,8 milyard AZN və 5. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq: 3,3 milyard AZN olaraq müəyyənləşib.
Milli Məclisin üzvü Elman Məmmədov Modern.az-a açıqlamasında deyib ki, dövlət üçün əsas iki prioritet var: Təhlükəsizlik və müdafiə sahəsi ilə sosial təminat əsas prioritet istiqamətlərdir.
“Bildiyiniz kimi, cənab Prezident öz çıxışlarında bu məsələyə dəfələrlə toxunub. O, hər zaman qeyd edir ki, Azərbaycan heç kimə qarşı müharibəyə hazırlaşmır. Ancaq əldə etdiyimiz Qələbəni, nailiyyətləri, ərazi bütövlüyümüzü, suverenliyimizi və təhlükəsizliyimizi qorumaq üçün müdafiə və təhlükəsizlik sahəsi daim diqqət mərkəzində olmalıdır.
Bu sahəyə kifayət qədər vəsait ayrılıb və gələcəkdə də ayrılacaq, hətta bu xərclər ciddi şəkildə artırılacaq. Bunun səbəbi aydındır: bu gün dünya artıq beynəlxalq hüquq və qayda-qanunlarla idarə olunmur. Bu gün dünya sanki güc qanunları ilə idarə olunur – kim güclüdürsə, o da haqlıdır prinsipi hökm sürür.
Məhz buna görə də təhlükəsizliyimizin təmin olunması üçün ordumuz güclü olmalıdır. Ordumuz ən müasir silahlarla təmin edilməli, bu silahlardan istifadə etməyi bacaran yüksək hazırlıqlı hərbçilərimizin sayı çox olmalıdır. Bütün bunların hər biri üçün kifayət qədər vəsait ayrılır və ayrılmalıdır”.
Elman Məmmədov əlavə edib ki, sosial müdafiə sahəsinə xüsusi diqqət göstərilir:
“Vətəndaşlarımızın təminatı da diqqətdə saxlanılır. Sosial sahə müdafiədən sonra ikinci yerdə duran və daha çox dəstəyə ehtiyacı olan sahədir. Bu sahəyə kifayət qədər vəsait ayrılıb:
“Məqsədimiz əhalimizin maddi durumunu yaxşılaşdırmaqdır. Sosial sahə – əhalinin rifahını və maddi təminatı təmin edildikdən sonra – səhiyyə və təhsillə birgə strateji önəm daşıyır.
İndi sual yaranır: sosial sahəyə və digər strateji sahələrə ayrılan vəsait tam kifayətlidirmi? Bunu demək çətindir. Biz yeni müharibədən çıxmış bir dövlətdik. Bu səbəbdən işğaldan azad olunmuş ərazilərdə gedən bərpa və quruculuq işlərinə də böyük vəsait sərf olunur. Buna görə də bəzi sahələrə təminat mərhələli həyata keçiriləcək və diqqət artırılacaq.
Büdcə rəqəmləri nisbidir. Unutmamalıyıq ki, dünya durmadan dəyişir, inkişaf və proseslər dayanmır. Hər saat, hər gün yeni vəziyyətlər ortaya çıxır. Bu baxımdan müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsait sabit bir rəqəm deyil; lazım olduqda operativ tədbirlər görülməli və resurslar çevik idarə edilməlidir.
İqtisadçı Natif Cəfərli isə büdcədən ayrılan vəsaitlərin prioritet istiqamətləri ilə razılaşdığını deyib. Onun sözlərinə görə, tenderlərin icrasında şəffalıq büdcə mənfəətini yüksəldə bilər.