Son illər qlobal iqtisadi qeyri-müəyyənliklər, geosiyasi gərginliklər və inflyasiya təzyiqləri investorların diqqətini yenidən ənənəvi “təhlükəsiz liman” hesab olunan qızıla yönəldib. Xüsusilə ötən ildən etibarən qızılın qiymətində qeydə alınan rekord artımlar bu qiymətli metala olan marağı daha da gücləndirib. Bu ilin əvvəlindən etibarən bazardakı qiymət dəyişiklikləri, eləcə də qarşıdakı dövrlər üçün səsləndirilən proqnozlar investorlar arasında mühüm suallar doğurur: hazırda vəsaiti banka, daşınmaz əmlaka, yoxsa qızıla yönəltmək daha məqsədəuyğundur?
Modern.az-a açıqlamasında bu və digər suallara aydınlıq gətirən Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd edib ki, son bir il ərzində qızılın qlobal qiymətlərində kəskin yüksəlişlər müşahidə olunub və 2026-cı ilin başlanğıcında da bu trend tam dayanmayıb.
“Dünya birjalarında qızıl qiyməti son günlər rekord səviyyələrə yaxınlaşıb; müəyyən aralıqlarda qısa müddətli geri çəkilmələr baş versə də, ümumi istiqamət yüksəliş yönümlü qalır.
İlin əvvəlindən bazarda daha çox dalğalı hərəkət nəzərə çarpır. Beynəlxalq maliyyə bazarlarındakı qeyri-sabitlik, faiz dərəcələri ilə bağlı gözləntilər və makroiqtisadi göstəricilər investorların diqqətini qızıla artıran amillər sırasındadır. Tələb yüksəldikcə qiymətlərin artması təbii olaraq yerli bazara da ötürülür. Azərbaycanda qızılın qiyməti beynəlxalq bazarlardakı dəyişiklikləri izlədiyi üçün gündəlik qiymət yenilənmələri və bəzi dövrlərdə cüzi artımlar qeydə alınır. Bununla yanaşı, son qiymətə yalnız xammal dəyəri deyil, həm də məmulatın hazırlanması, işçilik səviyyəsi, logistika və digər əlavə xərclər təsir göstərir”.

Sədr müavini həmçinin vurğulayıb ki, daxili bazarda qiymətlər vahid formada formalaşmır və satış nöqtələrinə görə fərqlənə bilir:
“Bu fərqləri əsasən məhsulun brendi, dizaynı, çəkisi və işçilik keyfiyyəti müəyyənləşdirir. Başqa sözlə, eyni əyarlı qızıl müxtəlif mağazalarda fərqli qiymət aralığında təklif oluna bilər və bu, bazarın ümumi tendensiyası ilə yanaşı kommersiya şərtlərindən də asılıdır.
Bazarın alıcılıq tərəfinə baxdıqda, ümumi mənzərədə kəskin zəifləmə görünmür. Ayrı-ayrı seqmentlər üzrə sabitlik daha nəzərə çarpır: xüsusilə 585 və 750 əyarlı qızıl məmulatlarında tələbin nisbətən stabil qalması diqqət çəkir. İnvestisiya yönümlü alışlarda isə külçə və sikkə formatına marağın artdığı müşahidə olunur. Qiymətli daşlar bazarında ciddi qiymət sıçrayışları qeydə alınmadığı üçün satışların da əsasən stabil davam etdiyi bildirilir”.
R.Əmircanov onu da əlavə edib ki, qızılın gələcək qiyməti ilə bağlı gözləntilər müxtəlif ssenarilərə əsaslanır:
“Bir sıra beynəlxalq maliyyə qurumları 2026-cı ildə qızılın bahalaşmasının davam edə biləcəyini və bəzi ehtimallarda 5 000 ABŞ dolları səviyyəsinə yaxınlaşa biləcəyini mümkün hesab edir. Bununla yanaşı, yaxın perspektivdə bazarda volatilliyin davam edəcəyi və qiymətlərin müəyyən aralıqlarda qısamüddətli geri çəkilmələr nümayiş etdirə biləcəyi də istisna edilmir”.
Asossiasiya rəsmisi bildirib ki, yatırım məsələsinə gəlincə, qızılın portfeli şaxələndirmək baxımından üstünlükləri var. Onun fikrincə, risklərin paylaşdırılması məqsədilə aktivlərin bir hissəsinin qızıl formasında saxlanması bəzi hallarda qoruyucu rol oynaya bilər.
İqtisadçı Eldəniz Əmirov isə söyləyib ki, qlobal iqtisadiyyatda, eləcə də geosiyasi müstəvidə baş verən təlatümlər investorlar üçün real sektora investisiya qoyuluşunu daha riskli edib:
“Risklərin artması fonunda investorlar daha ehtiyatlı davranır və bu səbəbdən qızıl bu gün də ən etibarlı “təhlükəsiz liman” kimi çıxış edir. Tarixi təcrübəyə baxdıqda da görürük ki, dünyada risklərin və qeyri-müəyyənliyin artdığı dövrlərdə qızılın qiyməti adətən yüksəlir.
Məhz bu kontekstdə 2026-cı ildə qızılın ucuzlaşacağı gözlənilmir. Əksinə, müəyyən qədər bahalaşma ehtimalı mövcuddur və hətta qiymətin 5 min səviyyəsindən yuxarı qalxması da istisna edilmir. Bunun əsas səbəbi investorların real sektora yatırım etməkdə tərəddüd etməsidir.
Hazırda ABŞ Federal Ehtiyat Sisteminin rəhbərinin Vaşinqton administrasiyasından gələn təzyiqlərlə bağlı açıq şəkildə səsləndirdiyi fikirlər də diqqət çəkir. Faiz dərəcələrinin aşağı salınması ilə bağlı siyasi təzyiqlərin olması dolların etibarlılığına müəyyən qədər xələl gətirə bilər. Bu isə öz növbəsində qızıla tələbi artıraraq onun qiymətinin yüksəlməsinə şərait yarada bilər”.

E.Əmirov eyni zamanda kapitalın hansı istiqamətə yönəldilməsinin daha məqsədəuyğun olmasının hər bir investorun fərdi qərarı olduğunu da diqqətə çatdırıb:
“Bu baxımdan konkret investisiya tövsiyəsi vermək doğru olmaz. Ümumilikdə isə dünyada qəbul olunmuş yanaşma ondan ibarətdir ki, mövcud vəsait bir neçə istiqamət üzrə bölüşdürülür və diversifikasiya olunur.
Adətən vəsaitin bir hissəsi qızıla, bir hissəsi daşınmaz əmlaka, bir hissəsi şirkətlərin səhmlərinə yönəldilir. Əgər vəsaitin həcmi böyükdürsə, daşınmaz əmlakın müxtəlif növlərinə yatırım etmək də üstünlük təşkil edir. Eyni zamanda, müəyyən payın likvid vəsait şəklində saxlanılması da vacib sayılır”.
İqtisadçının sözlərinə görə, mövcud kapitalın yalnız bir istiqamətə yatırılması yüksək risk daşıyır:
“Peşəkar investorlar adətən investisiya portfellərini diversifikasiya edir və vəsaitlərini müxtəlif aktivlər arasında paylayırlar. Məsələn, təxminən 20-25 faiz qızıla, 30 faiz daşınmaz əmlaka, 30-40 faiz digər maliyyə aktivlərinə yönəldilir, 15-20 faiz isə likvidlik məqsədilə nağd vəsait kimi saxlanılır ki, zərurət yarandıqda istifadə olunsun”,- deyə E.Əmirov qeyd edib.