Modern.az

Nağdsızlaşdırma siyasəti məqsədinə çatdımı?

Nağdsızlaşdırma siyasəti məqsədinə çatdımı?

İqtisadiyyat

19 Yanvar 2026, 13:22

Azərbaycanda son illər nağdsız ödənişlərin genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Rəqəmsal ödənişlərin artımı, POS-terminalların çoxaldılması və vergi təşviqləri bu prosesi sürətləndirməyə yönəlib.

Nağdsızlaşma ilə bağlı qəbul edilən qərarların real iqtisadi effekti, "kölgə iqtisadiyyatı"nın azalmasına gözlənilən səviyyədədə təsirinin olub-olmaması maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, nağdsız hesablaşmalarının payının artırılması hökumətin prioritetidir:

“Biz praktiki olaraq, son illər, xüsusilə də, "ƏDV geri al"da ödənilən məbləğin artmasını müşahidə edirik. Bu da ondan xəbər verir ki, plastik kartdan istifadə edən vətəndaşlarımızın sayı artıb. Bir tərəfdən də bu, pərakəndə ticarət dövriyyəsinin  "ağarması"na və  nağdlı ödənişlərin payının azalmasına gətirib çıxarır. Nağdsız ödənişlərin payının azalması birmənalı şəkildə kölgə iqtisadiyyatnın minimallaşdırılması baxımından vacibdir. Çünki, bu həm də vəsaitlərin izlənməsinə imkan verir və şəffaflığı artırır. Nəticə etibarilə, dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradır. Eyni zamanda təbii ki, vətəndaşlarımızda plastik kartlardan istifadə ilə bağlı ənənənin formalaşmasına gətirib çıxarır. Bu da təbii ki, çox vacib məqamlardan biridir. Bu baxımdan nağdsız hesablaşmaların sayının artması birmənalı şəkildə iqtisadi islahatlarda əsas hədəflərdən, istiqamətlərdən biridir”.

Parlamentari qeyd edib ki, növbəti illərdə də bu istiqamətdə artımlar olacaq:

“Vətəndaşlarımız yalnız plastik kartlar yox, həm də internet üzərindən onlayn sifarişlər verir. Hətta bu nağdsız hesablaşmalara təsir göstərir. Həm də artıq nəzərə alsaq ki, rəqəmsal maliyyə sistemi formalaşıb. Bu həm də dövlət büdcəsinin vəsaitlərinin xərclənməsində şəffaflığın artırılmasına xidmət edəcək. Ona görə də rəqəmsallaşma yalnız biznes və hökumət deyil həm də hökumət qurumları arasında ödənişlərə birbaşa təsir göstərəcək ki, bu da büdcə vəsaitlərinin daha şəffaf xərclənməsinə imkan yaradacaq”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər bir üzvü Müşfiq Cəfərovun fikrincə, bu gün yeni rəqəmsal dünya gündəmində nağdsız ödənişlər sisteminin təkmilləşdirilməsi və bu kontekstdə nağd ödənişlərin mümkün qədər azaldılması mühüm əhəmiyyət daşıyır:

“Azərbaycan əhalisi də son illər bu sahənin müasir yeniliklərindən geniş istifadə edir. Son illər nağdsız ödənişlərin miqyasının artırılması istiqamətində ölkəmizdə məqsədyönlü siyasət yürüdülür. Bu sistem sayəsində vergidən yayınmanın qarşısı alınır və büdcəyə daha çox vəsait toplanır, ölkə iqtisadiyyatında maliyyə intizamı güclənir. Büdcəyə toplanan vəsaitlər isə əhalinin sosial rifahına yönəldilir. Son illərdə nağdsız ödənişlərlə bağlı aparılan tədbirlərə baxmayaraq, bəzi sahələrdə yenə də nağd ödəmələr qalır, vergidən yayınma halları baş verir. Hazırda ölkə ərazisində pərakəndə ticarət sahəsi üzrə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması sistemi tətbiq edilir. Bu baxımdan dəyişikliklər istehlakçılara qaytarılan ƏDV məbləğlərinin dairəsini də genişlənir, həm də geri qayıdan ƏDV-nin həcmlərinin artmasına da müsbət təsir edir”.

Deputatın sözlərinə görə, pul vəsaitinin elektron köçürülməsi iqtisadiyyatın şəffaflığını təmin edən amillərdən biridir:

“Bankların da öz növbəsində fintex (maliyyə texnologiyaları) iştirakçıları ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olması bunu təsdiq edir.

Ümumiyyətlə "kölgə iqtisadiyyatı" maliyyə sisteminə mənfi təsir göstərir və ona zərər vurur. "Kölgə iqtisadiyyatı" ən çox da vergi bazasına zərər vurur. Bu proses uçotun şəffaflığına mənfi təsir göstərir və şəffaflaşdırma probleminin dərinləşməsi isə maliyyə sabitliyi üçün ciddi risklər yaradır. "Kölgə iqtisadiyyatı" büdcə daxilolmalarına mənfi təsir göstərməklə yanaşı, bu amil dayanıqlı maliyyə sistemi üçün ciddi risk sayılır”.

 

İqtisadçı ekspert Əkrəm Həsənov isə söyləyib ki, nağdsızlaşma müəyyən mənada effekt verib:

“Nağdsız əməliyyatların həcmi artırılır. Dövlət  buna müxtəlif yollarla nail ola bilib. Əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsinin, xüsusən də nağdsız ödəniş zamanı daha çox istehlakçıya geri qaytarılması nəticəsində ticarət məntəqlərində vətəndaşlar daha çox nağdsız ödəniş edir. Bu sahədə bəli, uğur var”.

Ekspertin fikrincə, nağdsızlaşma istiqamətində müəyyən effekt olsa da, istənilən səviyyədə deyil:

“Sahibkarların bəziləri bankdan ayda 15 min, bəziləri isə 30 mindən çox vəsait çıxara bilmir. Beləliklə, sahibkarlar pullarını çıxara bilmirlər deyə, məcburdurlar ki, nağdsız əməliyyatları daha çox həyata keçirsinlər. Onu da demək lazımdır ki, bu, addımlar nəticəsində müəyyən mənada "kölgə iqtisadiyyatı"nın həcmi azalıb. Lakin böyük ölçüdə azalmadan söhbət getmir. Ölkədə ümumi iqtisadi vəziyyət yaxşı olmadığı üçün problem var. Sahibkarlar kölgə iqtisadiyyatına, sadə vətəndaşlar da qeyri-rəsmi gəlirlərə meyillidir. Çünki vergi yükü çoxdur. Ümumiləşdirsək, bəli, müəyyən effekt var, amma gözlənilən səviyyədə deyil”.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır