“Premium benzinin (Aİ-95) 2024-cü ildə bir tonunun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci ildə 9% azalaraq 856 (1455 manat) dollara düşüb”.
Modern.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Natiq Cəfərli Aİ-95 markalı benzinin Azərbaycana idxalı barədə danışarkən bildirib.
Ekspert idxal qiyməti aşağı düşən benizinin pərakəndə satış qiymətinin olduğu kimi qalmasına təəccübünü gizlətməyib və bunu unhisarçılığa bağlayıb. O, Aİ-95 markalı benzininin idxalı ilə bağlı hesablama aparıb və nəticəni bölüşüb:
“1 ton Aİ-95 = 1333 litr = 1455 manat (idxal qiyməti)
1 litr = 1 manat 9 qəpik.
1 litrə 7 qəpik yol vergisi.
18% ƏDV.
Deməli: 2025-də idxal qiyməti 1 manat 9 qəpik + 7 qəpik yol vergisi + 19 qəpik ƏDV = 1 manat 35 qəpik. Satılır 1 manat 60 qəpiyə. Hər litrdən 25 qəpik qazanc.
Həcminə baxaq: Premium markalı avtomobil benzinin ixrac həcmi 2025-ci ilin ilk 11 ayında 128 min ton olub, yəni, 170 mln. 624 min litr. Dekabr ayını çıxasaq, 2025-ci ilin ilk 11 ayında Premium benzinin inhisarçısı 42 mln. 656 min manat pul qazanıb.
Niyə inhisarçı deyirəm – çox sadə, Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, güya, qiyməti bazar müəyyən etməlidir. Amma bazarda cəmi 1 oyunçu var – SOCAR-ın törəmə şirkətləri, qiyməti də onlar müəyyən edir. Rəqabət olsaydı, hər litrinə 25 qəpik qazanc olan biznesə çox oyunçu daxil olmaq istərdi ki, bu da, qiymətlərin aşağı çəkilməsinə xidmət edərdi.
2025-ci ildə Aİ-95-in idxal qiyməti 9% ucuzlaşsa da, pərakəndə satış qiyməti ucuzlaşmayıb”.