2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 808,0 min nəfər təşkil edib.
Modern.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, onların 865,8 min nəfəri dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye sahəsində çalışıb. İşçilərin 8,5 faizi səhiyyə və sosial xidmətlər, 6,6 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat sahələrində məşğul olub.
Bundan əlavə, muzdla çalışanların 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti sahəsində işləyib. Qalan 15,1 faiz isə iqtisadiyyatın digər sahələrinin payına düşüb.
2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 1102,9 manat olub. Orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək qeydə alınıb.