2026-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5,3 milyard manatlıq məhsul satılıb.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 2,9 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 2,4 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi ilə müqayisədə 3,7 faiz artıb. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz təşkil edib.
Hesabat ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,1 faizi ərzaq məhsullarına, 4,9 faizi içkilər və tütün məmulatlarına, 14,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılara, 5,7 faizi avtomobil benzini və dizel yanacağına, 4,5 faizi elektrik malları və mebellərə, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 17,2 faizi isə digər qeyri-ərzaq mallarına sərf olunub.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri ötən ilin yanvar ayı ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.
2026-cı ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 5,4 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz, bazar və yarmarkalarda isə 5,5 faiz artıb.
Bundan əlavə, müvafiq ay ərzində əhalinin bir nəfəri pərakəndə ticarət şəbəkəsində orta hesabla 515,7 manatlıq alış edib. Bunun 278,6 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 237,1 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.