İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.
Modern.az xəbər verir ki, İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov ötən il İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 25 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verildiyini bildirib.
“Ötən il sənaye zonalarında 14 müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 136 milyon manat investisiya yatırılıb, 1100 daimi iş yeri yaradılıb. Agentliyin idarəçiliyində olan sənaye zonalarında indiyədək investisiya portfeli 8,7 milyard manatdan artıq olan 138 sahibkarlıq subyektinə rezidentlik, 13 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manat sərmayə yatırılıb, 82 müəssisə fəaliyyətə başlayıb, 9700-dən artıq daimi iş yeri yaradılıb”.
Qeyd olunub ki, 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib.
2025-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 4 milyard manata yaxın satış həyata keçirilib ki, bunun da 1,2 milyard manatlıq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. 2025-ci ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 19,1%, qeyri-neft ixracında isə 33,9% təşkil edib.
İqtisadi zonalarda 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, yalnız 2025-ci ildə bu rəqəm 87,9 milyon manat səviyyəsinə çatıb.