Aprelin 1-dən etibarən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezident vəzifəsinə yeni təyinat olub.
Modern.az xəbər verir ki, bu barədə bp məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə Nadir İmanov təyin olunub. O hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir.
Yeni vəzifəsində Nadir İmanov bp-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, bp-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.
O bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. Kolin isə 1 aprel tarixindən Birləşmiş Krallığa qayıdacaq.
Qeyd edilib ki, N.İmanov bp-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi AGT üzrə regional rəhbər heyətin üzvü olacaq.