İsrail-İran müharibəsinin bu gün üçümcü günüdür. Hazırda hər iki tərəf bir-birinə qarşı raket və aviasiya zərbələri endirirlər. İndiyə kimi İranda 555 nəfər hücumlar nəticəsində həlak olublar.
Bununla belə baş verənlər iqtisadi sahədə də özünü göstərib.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. Birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,34% artaraq 5 370,65 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 0,97% artaraq 94,198 ABŞ dolları olub. "Brent" neftin qiyməti 80 dolları keçib.
Modern.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli ABŞ-İsrail və İran müharibəsinin regional iqtisadi təsirləri ilə bağlı bunları deyib:
“Müharibənin iqtisadi təsirləri region üçün neqativdir. Azərbaycan üçün bunun müsbət cəhəti neft və qızıl qiymətinin artmasıdır. Əsas məsələ isə neft qiymətinin artmasıdır. Məhz bu tendensiya daxil olan valyutanın həcmini artıracaq. Amma bunun çoxlu neqativ tərəfləri də var. Ümid edirik ki, bu müharibə qaçqın axını yaratmayacaq. Ciddi sürətdə yükdaşımalarda problem yaradacaq”.

İqtisadçı ekspert məsələnin Azərbaycan üçün iqtisadi baxımdan doğura biləcəyi problemlərdən də bəhs edib:
“Azərbaycana gələn yüklərin əsasən İrandan gəlirdi. Şimal-Cənub Nəqliyyat dəhlizi vasitəsilə Çindən gələn yüklərin əhəmiyyətli hissəsi də İranın BəndərAbbas limanı üzərindən bizə çatırdı. Eləcə də Azərbaycanla Naxçıvan üzərindən Türkiyədən yükdaşımaların bir hissəsi İran üzərindən keçirdi. Azərbaycanın İranla ticarəti böyük həcmdə olmasa da, kifayət qədərdir. Xüsusən ərzaq məhsulları, bir sıra gündəlik istifadə olunan məhsullar, texniki məhsullar məhz İrandan alınırdı. İranın Bəndər-Abbas limanı üzərindən daşımalara bu müharibə problemlər yaradacaq. Bunun əvəzində Poti limanı yüklənəcək və bu vəziyyətdən Gürcüstan uduşlu çıxacaq. Poti limanının da yükdaşıma tutumu var. Təbii ki, müharibə yaxşı heç nə vəd etmir. Ölkələr o zaman inkişaf edir ki, ətrafında inkişaf etmiş dövlətlər olsun. İran müharibəsi bəzi məhsulların, logistik xərclərin bahalaşmasına gətirib çıxara bilər. Ümid edək ki, müharibə uzunmüddətli olmayacaq, 1-2 həftəyə dayanacaq. Məhsul çatışmazlığı yox, amma qiymət artımı riskini görürəm. Digər yandan logistika problemləri çətinləşəcək”.