Modern.az

İrandan ölkəmizə idxal edilən bu məhsullar bahalaşıb 

İrandan ölkəmizə idxal edilən bu məhsullar bahalaşıb 

İqtisadiyyat

Bu gün, 13:22

Son günlər dünyada müşahidə olunan geosiyasi gərginliklər region ölkələrinin iqtisadi əlaqələrinə də təsirsiz ötüşmür. Belə ki, bu kontekstdə qarşıdan gələn bayram günləri ərəfəsində bazarda tələb artdığından, bəzi qida məhsullarının qiymətlərində artımların olduğu bildirilir. Xüsusilə Azərbaycana İrandan idxal olunan meyvə-tərəvəz, quru meyvələr və digər ərzaq məhsullarının qiymətində dəyişikliklərin olub-olmadığı, həmçinin mövcud geosiyasi vəziyyətin bazara real təsirlərinin nə dərəcədə hiss olunması da diqqət çəkən məsələlərdəndir.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövcud geosiyasi gərginlik fonunda İrandan idxal olunan bəzi məhsulların qiymətlərində müəyyən artım müşahidə olunur.

“Bu artım əsasən logistika xərclərinin yüksəlməsi, daxili bazarda qiymətlərin bahalaşması və ixrac məhdudiyyətləri ilə əlaqələndirilir. İranın özündə də ərzaq inflyasiyasının yüksək olması idxal olunan məhsulların maya dəyərinə təsir edir və nəticədə Azərbaycan bazarında da qiymətlər müəyyən qədər yüksələ bilir”.

Onun sözlərinə görə, bayram ərəfəsində qiymət artımı halları isə bazar üçün xarakterik sayılır:

“Tələbatın artması ilə əlaqədar olaraq bəzi məhsullarda qısamüddətli bahalaşma müşahidə oluna bilər. Xüsusilə tərəvəz, meyvə və quru meyvələr kimi məhsullara tələbatın artması qiymətlərə təsir edən əsas amillərdən biridir. Bununla yanaşı, təklifin kifayət qədər olması və alternativ idxal mənbələrinin mövcudluğu qiymət artımının kəskin olmasının qarşısını qismən ala bilər”.

A.Nəsirli xatırladıb ki, İran Azərbaycana qida məhsulları üzrə əsas ticarət tərəfdaşlarından biridir:

“Statistik məlumatlara görə, ölkəmiz İrandan əsasən tərəvəzlər (kələm, kök, badımcan), meyvələr və quru meyvələr, sarımsaq, xurma, bəzi süd məhsulları, balıq və digər kənd təsərrüfatı məhsulları idxal edir. Bəzi məhsullar üzrə İranın payı kifayət qədər yüksəkdir. Məsələn, idxal olunan kələmin 93 faizi, kökün 98 faizi, badımcanın 95 faizi və xurmanın 75 faizi İrandan gətirilir”.

O eyni zamanda əlavə edib ki, qiymət artımı daha çox mövsümi tərəvəzlər, bəzi meyvələr və quru meyvələr qrupunda hiss olunur:

“İrandan Azərbaycana idxal edilən meyvə qurularına gəldikdə isə, bazarda müəyyən bahalaşma tendensiyası müşahidə oluna bilər. Bunun səbəbləri arasında tələbatın artması, istehsal və daşınma xərclərinin yüksəlməsi, həmçinin İran bazarında qiymətlərin artması göstərilir. Lakin qiymət dəyişiklikləri məhsulun növündən, mövsümdən və idxal həcmlərindən asılı olaraq fərqli ola bilər. Ümumilikdə isə bazarda kəskin və uzunmüddətli bahalaşmadan daha çox mərhələli və məhdud qiymət artımı müşahidə edilir”, - deyə A.Nəsirli qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV