Modern.az

Gərəksiz ştatlar ləğv edilir

Gərəksiz ştatlar ləğv edilir

İqtisadiyyat

Bu gün, 15:03

Son illərdə Azərbaycanda dövlət idarəetmə sisteminin optimallaşdırılması istiqamətində həyata keçirilən struktur dəyişiklikləri yeni mərhələyə qədəm qoyub. Xüsusilə son iki ildə Naxçıvan Muxtar Respublikasında bir sıra dövlət qurumlarının ləğv edilməsi, bəzi təşkilatların fəaliyyətinin yenidən təşkili, eləcə də ölkənin müxtəlif regionlarında və strateji dövlət şirkətlərində, Bakı Metropoliteni, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində, icra hakimiyyətlərində aparılan ixtisarlar bu prosesin sistemli xarakter aldığını göstərir. Paralel olaraq paytaxtda fəaliyyət göstərən bəzi dövlət qurumlarının birləşdirilməsi və idarəetmə mexanizmlərinin sadələşdirilməsi praktikası başlanılıb.

Bu dəyişikliklər ilk baxışdan yalnız idarəetmə aparatının optimallaşdırılması və büdcə xərclərinin azaldılması kimi görünsə də, əslində onların təsir dairəsi daha genişdir. Dövlət sektorunda aparılan ixtisarlar və struktur dəyişiklikləri əmək bazarının balansına, işsizliyin səviyyəsinə, həmçinin ixtisaslı kadrların yeni iş imkanlarına çıxışına birbaşa təsir göstərir. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən İqtisadi siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, struktur islahatlarında əsas məqsəd xərclərin optimallaşdırılması deyil, idarəetmənin çevikliyinin təmin edilməsidir:

“Nəticədə daha çevik və qərarların daha tez icra olunduğu sistemin qurulması həm çağırış, həm də müasir dövrün tələbidir. Bir tərəfdən çeviklik artacaq, digər tərəfdən isə yeni iş yerlərinin özəl sektorda yaradılması prioritetdir”.

Deputat bildirib ki, rəsmi statistikalara görə, son dövrlər özəl sektorda yaradılan iş yerlərinin sayı dövlət sektoru ilə müqayisədə daha çoxdur. Son bir ildə özəl sektorda daha çox əmək müqaviləsinin qeydə alınmasını müşahidə edirik:

“Bu kontekstdə həm yeni iş yerlərinin yaradılmasında, həm də ixtisaslı kadrların işlə təmin olunmasında özəl sektorun payının artırılması, eyni zamanda dövlət strukturunda çevikliyin təmin edilməsi vacib məqamlardandır.
“Biz yalnız dövlət sektorlarında ixtisarları deyil, həm də yeni qurumların yaradılmasını müşahidə edirik. Çünki çağırışlara və müasir tələblərə uyğun olaraq yeni qurumların yaradılmasına ehtiyac duyulur və ya mövcud qurumlar daxilində yeni şöbələrin formalaşdırılması həyata keçirilir” – o açıqlaması zamanı qeyd edib.



İqtisadçı hüquqşünas Əkrəm Həsənov isə qurumların birləşdirilməsi Azərbaycanda eyni funksiyanı yerinə yetirən xeyli sayda qurumun olması ilə əlaqələndirib:

“Dövlət aparatlarında işçi sayı həddindən artıq şişirdilib. Lazımsız vəzifələr və işçilər mövcuddur. Bu isə dövlət büdcəsi üçün artıq yük yaradır”.

O qeyd edib ki, dövlət qurumlarında ixtisarların həm müsbət, həm də mənfi tərəfləri var: 

“Bir tərəfdən dövlət büdcəsi artıq yükdən xilas olur, digər tərəfdən isə insanlar işsiz qala və ya maaşları azala bilər. Problemin qarşısını almaq üçün sahibkarlığı və özəl sektoru inkişaf etdirmək lazımdır”.

İqtisadçı Xalid Kərimli saytımıza açıqlamasında dövlət strukturlarının bu qədər böyük olmasına ehtiyacın olmadığını vurğulayıb:


“Burada yanlış qərar əhəmiyyətli olmayan qurumların yaradılması və ya qurumların lazımından çox böyüməsi ilə verilib. Ən azı bir il bundan qabağa qədər məşğulluq strukturunda 50 faiz dövlətin payına düşürdü. İxtisarlardan sonra bu göstərici 48,6 faizə düşüb. Əsas işəgötürən dövlət idi ki, bu da bazar iqtisadiyyatından danışırıqsa, yanlış yanaşmadır. Qonşu dövlətlərə baxsaq, bu rəqəm dövlət sektorunda təxminən 20 faiz, ən pis halda isə 30 faizdir”.

İqtisadçının sözlərinə görə, daha sərt addımlar atılacağı təqdirdə yüzminlərlə insan dövlət sektorundan ixtisar ediləcək:


“Ölkədə işsizliyin qarşısını almaq üçün dövlətin yaratdığı iş yerləri daha çox olub. İndi isə səhvlərin düzəldilməsi istiqamətində işlər görülür. Düşünürəm ki, daha sərt addımlar atılsa, bir neçə yüz min nəfər dövlət sektorundan ixtisar edilə bilər. Amma bunun işsizliyə və sosial problemlərə təsir edəcəyini nəzərə alaraq proses tədricən həyata keçirilir. Xüsusən də süni intellektin inkişafı və texnologiyaların yayılması daha çox işin daha az insan tərəfindən görülməsinə gətirib çıxaracaq. İxtisarların əsas səbəblərindən biri də neft gəlirlərinin azalmasıdır. Buna görə də büdcədəki yükün azaldılması üçün bu prosesə tədricən hazırlıq görülür” – deyə iqtisadçı vurğulayıb.

X. Kərimli bildirib ki, prosesin mərhələli aparılmasının səbəbi özəl sektorun da bu prosesə qoşula bilməsidir:
“İqtisadi nəticə olaraq indiyə qədər dövlət sektorunda çalışanlarla özəl sektorda çalışanların payı demək olar ki, eyni idi və bu, düzgün yanaşma deyil. Hətta dövlət özəl sektordan daha yüksək maaş verərək işçi cəlb edirdi ki, bu da əmək bazarında yanlış vəziyyət yaradırdı”.

İlkin mərhədələ dövlət sektorundan uzaqlaşdırılanlar özəl sektorda daha az maaş ala bilər:

“Dövlət sektoru kiçildikcə özəl sektor böyüyəcək. Ola bilər ki, ilkin mərhələdə əməkhaqlarının artım tempi o qədər də sürətli olmasın və müəyyən səviyyədə işsizlik yaransın. Bunun nəticələrini isə sosial siyasət, işsizlik müavinətləri və digər mexanizmlərlə həll etmək lazımdır. Ümumilikdə proses mərhələli olduğuna görə iqtisadiyyat üçün ciddi problemə çevrilməyəcək. Amma bu, bizim çoxdan etməli olduğumuz addım idi. Hazırkı proses ilkin mərhələdir və düşünürəm ki, bundan sonra daha sürətli şəkildə davam edəcək”.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV