"Neftin qiyməti əvvəlki pik həddi ilə müqayisədə təxminən 35 dollar ucuzlaşıb".
Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı İlham Şaban bildirib.
O qeyd edib ki, hazırda qlobal enerji bazarlarında İran-ABŞ qarşıdurması ilə bağlı yüksək dəyişkənlik müşahidə olunur. Brent markalı xam neftin qiyməti bir barel üçün təxminən 84 dollar səviyyəsinə enib:
"Qiymətlərdəki bu kəskin eniş Fransanın maliyyə naziri Roland Leskurun G7 (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya) maliyyə nazirlərinin görüşündən sonra səsləndirdiyi açıqlamadan sonra baş verib. Həmin ölkələr Yaxın Şərqdə artan gərginliyə cavab olaraq strateji neft ehtiyatlarından istifadə imkanını müzakirə edirlər”.
İlham Şabanın sözlərinə görə, bu gün məsələ ilə bağlı G7 tərəfindən qərar qəbul olunmalıdır.
“Addım ilk növbədə siyasi xarakter daşıyır. Çünki dünyanın inkişaf etmiş yeddi dövləti mövcud vəziyyətin qlobal iqtisadiyyata mənfi təsirlərini müşahidə edir. Bununla yanaşı, qərarın praktiki icrası isə Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən həyata keçirilməlidir”.
İqtisadçı vurğulayıb ki, fransalı nazirin açıqlamasında məhz Beynəlxalq Enerji Agentliyinin nəzarətində olan strateji neft ehtiyatlarından söhbət gedir. Onun sözlərinə görə, agentliyin 32 üzv ölkəsi birlikdə təxminən 1,2 milyard barel həcmində strateji ehtiyat saxlayır və bu ehtiyatlar fövqəladə vəziyyətlərdə bazara çıxarıla bilər:
"1974-cü ildə iri neft idxalçısı olan ölkələrin toxunulmaz ehtiyatlar yaratması barədə qərar qəbul edib. Məqsəd dünya enerji bazarında hər hansı fors-major vəziyyət yarandığı zaman həmin ehtiyatların qlobal iqtisadiyyat üçün bir növ təhlükəsizlik mexanizmi rolunu oynaması idi"
Ekspert əlavə edib ki, o vaxtdan bəri agentlik belə tədbirlərə cəmi 5 dəfə əl atıb:
"Sonuncu belə addım 2022-ci ilin martında, Rusiya-Ukrayna müharibəsinin başlanması fonunda neft və qaz qiymətlərinin kəskin bahalaşdığı dövrdə atılıb. Həmin vaxt Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr bazara gündəlik 2 milyon barel, ABŞ isə əlavə olaraq 1 milyon barel neft çıxarmaq qərarı vermişdi. Nəticədə neftin qiyməti qısa müddətdə130 dollardan 95 dollara qədər enmişdi".
Eyni zamanda iddia olunur ki, Donald Trampın İran müharibəsinin sona çatacağı barədə ehtimala əsaslanan nikbin fikirlərinin də neftin ucuzlaşmasına təsiri olub.
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, qiymət məsələsi nisbidir:
"Müharibə başlayanda neftin bareli 68 dollar idi. Ona görə də 80-90 dollar dəyərində neft ucuz sayılmır. Müharibə bitsə də bahalaşma statusu hələ qalacaq. Bu da Azərbaycana iqtisadi baxımdan sərfəlidir" .