Azərbaycan Prezidenti İlham Əliyev dövlət sektorunda əməkhaqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb. Sənəd dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmilləşdirilməsini və eləcə də optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur.
Mövzunu şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov Modern.az-a bildirib ki, əməkhaqqı sisteminin təkmilləşdirilməsində əsas məqsəd dövlət qurumlarında maaşların müəyyənləşdirilməsində vahid və sistemli yanaşmanı həyata keçirməkdir.
“Bu maaşların optmillaşdırılaraq artırılmasına səbəb olmaqla yanaşı, dövlət qurumlarında şəffaflığın daha da yüksəlməsinə və qərarların qəbulunda çevikliyin artmasına gətirib çıxaracaq. Eyni zamanda, dövlət qulluğuna ixtisaslı kadrların daha yaxından cəlb edilməsinə və məşğulluqda sektoral rəqabətin güclənməsinə də səbəb olacaq”, - deputat qeyd edib.

Bəs son əməkhaqqı artımları kimlərə şamil ediləcək?
V.Bayramovun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən imzalanan son sənədlər dövlət qulluqçularının, dövlət qulluğunun inzibati və yardımçı vəzifələrində çalışanların, dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin və eləcə də bir sıra digər dövlət qurumlarının əməkdaşlarının maaşlarına təsir göstərəcək. Bu onların əmək haqqlarında artımlar ilə müşahidə ediləcək.
Deputat bildirib ki, islahat daha çox vətəndaşı əhatə edəcək.
“Yeni sistemin üstünlüklərinə gəldikdə isə əlavələr və mükafatların ləğvi maaşlara vahid yanaşmaya imkan verəcək. Bu eyni zamanda ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də təsirsiz ötüşməyəcək. Digər tərəfdən, vahid əmək haqqı sistemi daha çox pensiya kapitalının toplanmasına da imkan verəcək. Əmək haqqı sisteminin təkmilləşdirilməsi bank və maliyyə məhsullarına əlçatanlığı da artıracaq”.
“Bütövlükdə, Azərbaycan Prezidentinin imzaladığı son fərmanlar dövlət idarəetmə sistemində aparılan islahatların daha da dərinləşməsinə xidmət edəcək”, - V.Bayramov bildirib.