ABŞ və İran arasında artan gərginlik qlobal enerji bazarlarında son 50 ilin ən böyük böhranlarından birinə səbəb olub.
Modern.az xəbər verir ki, Hörmüz boğazının bloklanması nəticəsində dünya neft ixracının təxminən 20%-nin keçdiyi əsas marşrut dayanıb və bazardan gündəlik 11 milyon bareldən çox neft çıxıb.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol bildirib ki, mövcud vəziyyət miqyasına görə 1970-ci illərin neft şokları və 2022-ci ilin qaz böhranı ilə müqayisə edilə bilər. Onun sözlərinə görə, neft yataqları, neft emalı zavodları və boru kəmərlərinin bərpası illər çəkəcək.
Qeyd olunur ki, strateji ehtiyatlardan 400 milyon barel neftin bazara buraxılması belə qiymət artımını dayandıra bilməyib. Nəticədə Brent markalı neftin qiyməti 100 dolları ötüb.
Freedom Finance Global analitiki Vladimir Çernov isə bildirib ki, böhran yalnız neftlə məhdudlaşmır: “Gündəlik 11 milyon bareldən çox neftlə yanaşı, təxminən 140 milyard kubmetr qaz da bazardan çıxıb. Bu isə hasilat, ixrac, dəniz logistikası, neft emalı və qaz infrastrukturuna eyni anda zərbə vurub”.
Eyni zamanda, Səudiyyə Ərəbistanı rəsmiləri neftin qiymətinin aprel ayının sonuna qədər 180 dollara çata biləcəyini istisna etmirlər. “Wood Mackenzie” şirkəti 2026-cı ildə qiymətin 200 dollar səviyyəsinə yüksələ biləcəyini proqnozlaşdırır, “Goldman Sachs” isə mövcud vəziyyəti tarixdə ən böyük enerji böhranı kimi qiymətləndirib.
Bununla belə, ABŞ prezidenti Donald Trampın İrana zərbələrin dayandırılması ilə bağlı açıqlamasından sonra bazarlarda qısa müddətli ucuzlaşma müşahidə olunub. Belə ki, neftin qiyməti London birjasında 92 dollara qədər geriləsə də, ertəsi gün yenidən 100 dollar səviyyəsinə qayıdıb.