“2025-ci ildə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə büdcəyə zərərin məbləği əvvəlki il ilə müqayisədə 50 faizdən çox artaraq 170.4 milyon manat olub... 2024-cü ildə bu zərərin 74%-i üzrə bərpa qərarı qəbul edilsə də, 2025-ci ildə bu göstərici 60% olub”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında deputat Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, bir il ərzində büdcəyə zərərinin məbləğinin 50 faiz artması dövlət vəsaitinin təyinatından yayındırılması hallarının qarşısınını alınması ilə bağlı nəzarətin gücləndirilməsini daha da aktuallaşdırır. Büdcəyə hesablanmış zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib.
Vüqar Bayramov vurğulayıb ki, əgər 2024-cü ildə cəmi 8.7 milyon manat hesablanmış zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdirsə bu göstərici 2025-ci ildə 40.3 milyon manat olub. Yəni, əvvəlki il ilə müqayisədə Hesablama Palatasının hesablanmış zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal etdiyi məbləğ 4.6 dəfə artıb. Bu isə, büdcə vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi baxımdan ciddi siqnaldır.
“Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eynilə, büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bütün bunlar cari maliyyə intizamının daha da gücləndirilməsini aktuallaşdırır” – o qeyd edib.
Onun sözlərinə görə, monitorinq göstəricilərində ənənəvi istiqamətlər üzrə hədəflərə nail olunsa da daha innovativ sahələrdə hədəflər reallaşmamışdır. Səmərəlilik auditlərinin ümumi audit portfelində payı 15 faizdən çox hədəflənsə də, 14.0 faiz nəticə əldə edilib. Çox vacib istiqamətlərdən olan İS auditinin elementləri tətbiq edilən auditin ümumi audit portfelində payı 16.0 faizdən çox hədəflənsə də, nəticə14.0 faiz olub.
“Monitorinq göstəriciləri ilə bağlı cədvəldə daha məqsədəuyğun olardı ki, ayrıca bir bölmədə nail olunmayan hədəflər üzrə səbəblər ayrıca göstərilsin. Eyni zamanda, istifadə edilən bütün abreviatur və akronimlərin açılışı verilməmişdir. Məsələn, İS audit mətndə qeyd edilsə də onun açılışı verilmir.
Səmərəlilik aduitinin sayının artırılması prioritet olaraq qalmaqdadır. INTOSAI, qənaət, səmərəlilik və effektivlik prinsiplərinə uyğun olaraq bu auditin payının artırılması tövsiyyə edir. Artıq bir sıra dövlətlər 35 faizlik hədəfi müəyyənləşdiriblər. Məsələn, Çexiyada bu göstərici artıq 29.1 faizdir.
Palata hesabatda 5 illik fəaliyyət hesabatı da təqdim etmişdir. Bu müsbət haldır. Daha yaxşı olardı ki, palata audit nəticələrinə uyğun olaraq həmin müddətdə təkrarlanan pozuntu və təhrif hallarını və eləcə də irəliləyiş olan istiqamətləri də ayrıca təqdim edərdi” – V. Bayramov vurğulayıb.