Modern.az

Neft qiymətləri artır: manatın taleyi necə olacaq?

Neft qiymətləri artır: manatın taleyi necə olacaq?

İqtisadiyyat

Bu gün, 13:43

Dünya bazarında neftin qiymətində müşahidə olunan artım və dalğalanmalar Azərbaycan iqtisadiyyatına mümkün təsirləri yenidən gündəmə gətirib. Xüsusilə enerji gəlirlərindən asılı olan ölkələr üçün bu dəyişikliklər həm milli valyutanın sabitliyi, həm də büdcə göstəriciləri baxımından xüsusi əhəmiyyət daşıyır. Mövcud şəraitdə manatın məzənnəsinə təsirin hansı səviyyədə olduğu və tətbiq edilən siyasətin bu prosesləri nə dərəcədə balanslaşdırdığı diqqət çəkir. Eyni zamanda, neft gəlirlərində artımın iqtisadi artıma, qeyri-neft sektorunun inkişafına və uzunmüddətli dayanıqlılığa təsiri də müzakirə predmetinə çevrilir. Maraqlıdır, hazırkı geosiyasi gərginlik və formal atəşkəs fonunda qlobal enerji bazarındakı dəyişikliklərin Azərbaycan iqtisadiyyatı üçün yaratdığı imkan və risklər nədən ibarətdir? 

Mövcud proseslərin ölkə iqtisadiyyatına təsirini Modern.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, neft qiymətlərinin artması ölkəyə daha çox valyutanın daxil olmasına səbəb olur və bu da birbaşa valyuta təminatına təsir göstərir.

"Ümumilikdə isə milli valyutanın məzənnəsi həm ölkəyə daxil olan valyutanın həcmindən, eləcə də valyuta bazarındakı tələbdən asılıdır. Enerji məhsullarının qiyməti yüksək olan dövrlərdə Azərbaycana daxil olan valyutanın artdığını müşahidə edirik ki, bu da valyuta bazarında tarazlığın qorunması baxımından vacib hesab olunur. Bu baxımdan neft ölkələri üçün yüksək neft qiymətləri daha çox valyuta deməkdir və nəticə etibarilə milli valyutanın qorunması üçün əlavə imkanlar yaradır.

Bununla belə, son ABŞ-İran atəşkəs razılaşmasından sonra dünya bazarlarında dolların səbət valyutalara nisbətən müəyyən qədər zəifləməsi müşahidə olunub. Xüsusilə dolların avroya nisbətdə məzənnəsində son günlər azalma qeydə alınıb. Amma bütün bunlara baxmayaraq, hazırda manatın möhkəmlənməsi prioritet deyil. Mərkəzi Bankın əsas hədəfi manatın mövcud məzənnəsinin qorunub saxlanılmasından ibarətdir".

Deputat həmçinin vurğulayıb ki, neftin dünya bazarındakı qiyməti təkcə valyuta daxilolmalarına deyil, eyni zamanda dövlət büdcəsinin gəlirlərinə də birbaşa təsir edir:

"Belə ki, dövlət büdcəsi gəlirlərinin təxminən 43 faizi neft sektoru hesabına formalaşır. 2026-cı ilin dövlət büdcəsində isə bir barel neftin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub. Mart ayında neftin dünya bazarındakı qiyməti son dövrlərin ən yüksək göstəricilərindən biri olub və bu, əsasən regionda baş verən geosiyasi gərginliklərlə bağlıdır. Bununla belə, bir aylıq qiymət dəyişiklikləri illik qiymətləndirmə üçün əsas sayılmır. Ümumi tendensiya ondan ibarətdir ki, neftin dünya bazarındakı qiyməti yüksək olaraq qalır və mövcud qlobal, eləcə də regional risklər fonunda yaxın müddətdə kəskin ucuzlaşma proqnozlaşdırılmır. 

Atəşkəsdən sonra qiymətlərdə müəyyən enmə müşahidə olunsa da, son günlər yenidən artım qeydə alınıb. Belə ki, “Brent” markalı neftin qiyməti 3 faizdən çox yüksəlib. Bu isə onu göstərir ki, neft bazarında hələ də tam sabitlik formalaşmayıb".

V.Bayramov onu da əlavə edib ki, yüksək neft qiymətləri nəticə etibarilə dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradır:

"Əsas üstünlük isə valyuta gəlirlərinin artmasıdır. Bununla yanaşı, bu vəziyyət müəyyən riskləri də yaradır. Bir tərəfdən qlobal bazarlarda qiymət artımı idxal olunan məhsulların bahalaşmasına təsir edir. Digər tərəfdən isə yüksək qiymətlərdən sonra bazarda volatilliyin artması və müəyyən müddətdən sonra kəskin ucuzlaşma riski yüksəlir. Bu halı biz 2014-2015-ci illərdə də müşahidə etmişik.

Bu baxımdan Azərbaycan üçün daha məqsədəuyğun olan sabit neft qiymətləridir. Çünki kəskin dalğalanmalar iqtisadi sabitlik baxımından əlavə risklər yaradır. Yüksək qiymətlər fonunda volatilliyin artması növbəti mərhələdə qiymətlərin azalması ehtimalını da gücləndirir".

Deputat eyni zamanda bildirib ki, neft gəlirlərinin artması qeyri-neft sektorunun inkişafı üçün maliyyə imkanlarını genişləndirir və bu sahənin daha aktiv şəkildə dəstəklənməsinə şərait yaradır:

"Ümumilikdə, manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılıdır. Bununla yanaşı, Azərbaycan üzən məzənnə rejiminə tam keçmədiyindən, növbəti mərhələdə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olaraq qalacaq", - deyə o fikrini tamamlayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi