2025-ci ilin sonuna olan məlumatlara əsasən, Azərbaycanda sığorta bazarında 16 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 11-i isə qeyri-həyat sığortası üzrə ixtisaslaşıb.
Modern.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda öz əksini tapıb.
Hesabata əsasən, sektorun fəaliyyəti həmçinin 22 sığorta brokeri və 468 sığorta agenti vasitəsilə təmin olunur.
Sığorta sektoru artım potensialını reallaşdırır. 2025-ci ildə toplanan sığorta haqları ötən illə müqayisədə 11,2% və ya 152 milyon manat artaraq 1 milyard 505 milyon manata çatır. Toplanan sığorta haqlarının 56,7%-i həyat sığortası, 43,3%-i isə qeyri-həyat sığortası siniflərinin payına düşür. Həyat sığortası üzrə yığım 16,2% və ya 119 milyon manat artaraq 853 milyon manat təşkil edir. Qeyri-həyat sığortası üzrə isə artım 5,3% və ya 32 milyon manat olur və yığımlar 651,7 milyon manata çatır. Həm həyat, həm də qeyri-həyat sığortası üzrə artımın əsas hərəkətverici qüvvəsi könüllü sığorta sinifləri hesab olunur.
Makroiqtisadi göstəricilərə gəldikdə isə, ÜDM-in 2,8%-i turizm, 2,1%-i informasiya və rabitə sahələrində, 21,7%-i isə digər sahələrdə formalaşır. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,6%-ni təşkil edir. Dövr ərzində ən yüksək iqtisadi artım informasiya və rabitə, turizm və emal sənayesi sektorlarında qeydə alınır. Bu sahələr müvafiq olaraq 8,7%, 8,5% və 7,9% real artım nümayiş etdirir.