Azərbaycanda bank sektorunda dedollarlaşma prosesi davam edir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib.
Məlumata görə, 2025-ci ildə bank sektorunun kredit portfelinin dollarlaşması 1,9 faiz bəndi azalaraq 14,2%-ə düşüb. Bu, tarixi minimum səviyyədir.
Eyni dövrdə depozit portfelinin dollarlaşması da 1,9 faiz bəndi azalaraq 35,6% təşkil edib.
Fiziki şəxslər üzrə də dedollarlaşma davam edib. Belə ki, müddətli depozitlər üzrə dollarlaşma 3,5 faiz bəndi azalaraq 31,4%-ə, tələbli depozitlər üzrə isə 1,4 faiz bəndi azalaraq 31,6%-ə enib.
Hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma əksinə, 4,7 faiz bəndi artaraq 57,2%-ə yüksəlib. Bununla belə, xarici valyutada hüquqi şəxslərin tələbli depozitlərinin ümumi portfeldə payı 2,6 faiz bəndi azalaraq 32,7% olub.
Qeyd edək ki, dedollarlaşma milli valyutaya etimadın artdığını göstərir və bu proses bank sektorunun sabitliyini gücləndirməklə yanaşı, valyuta risklərini azaldır.