Modern.az

TÜRKPA Bəxtiyar Vahabzadənin dostlarını bir araya gətirdi

TÜRKPA Bəxtiyar Vahabzadənin dostlarını bir araya gətirdi

Mədəniyyət

2 Oktyabr 2025, 17:28

29-30 sentyabr tarixlərində TÜRKPA tərəfindən Yunus Əmrə İnstitutunun Bakı Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dəstəyi ilə Bakı və Şəki şəhərlərində 100 illik yubileyi münasibətilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq, ədəbiyyatşünas, pedaqoq, ictimai xadim, akademik, Azərbaycanın Xalq şairi  Bəxtiyar Vahabzadənin dostlarının görüşü təşkil edilib.

Modern.az xəbər verir ki, tədbirə millət vəkilləri, Bəxtiyar Vahabzadə ilə dost olmuş və onunla şəxsən tanış olmuş görkəmli dövlət və ictimai xadimlər, beynəlxalq təşkilatların, elmi və mədəni dairələrin nümayəndələri, habelə Bəxtiyar Vahabzadənin ailə üzvləri qatılıblar.

Sentyabrın 29-da iştirakçılar Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və Bəxtiyar Vahabzadənin məzarlarını ziyarət ediblər. Daha sonra iştirakçılar Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirin Bakı hissəsi TÜRKPA Katibliyində baş tutub. TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er salamlama nitqi ilə çıxış edərək, sözü tədbirin Bakı hissəsinin moderatoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının üzvü Hikmət Məmmədova verib.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Azərbaycanın Xalq şairi, ictimai və siyasi xadim Sabir Rüstəmxanlı və Türkiyənin İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin sədri, siyasətçi, keçmiş millət vəkili İbrahim Ertan Yülek də tədbirin bu hissəsində çıxış ediblər.

Tədbirin ikinci və əsas hissəsi sentyabrın 30-da Bəxtiyar Vahabzadənin doğma yurdu Şəkidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının ev sahibliyində baş tutub.

Tədbirin Şəki hissəsinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev moderatorluq edib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının direktoru Vurğun Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Birol Akgün, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, dövlət xadimi Həsən Həsənov, Türkiyənin İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin sədri, siyasətçi, keçmiş millət vəkili İbrahim Ertan Yülek, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Osman Mesten, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Məsimli, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının üzvü, Türkiyə Respublikasının keçmiş milli təhsil naziri Mahmut Özer, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Filiz Kılıç, Türkiyə Böyük Millət Məclisinin millət vəkili, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının üzvü Kadim Durmaz, Daşkənd Tətbiqi Elmlər Universitetinin professoru Kozakboy Yuldaşev, Qırğız-Türk Manas Universitetinin Xarici Dillər Ali Məktəbinin baş müəllimi, qırğız şairi Altınbek İsmailov, Özbəkistanın əməkdar mədəniyyət işçisi, Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin dosenti Tohir Kaxxorov, Kafkas Universitetinin professoru Mitat Durmuş, Özbəkistanın Namanqan vilayətinin “Murabbiy” qəzetinin baş redaktoru, şair Dilbarxon Xaydarova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Vaqif Aslan, İstanbul Universitetinin Hüquq fakültəsinin dekanı Fethi Gedikli, Azərbaycan yazıçısı, hüquqşünas İkram Abdullayev, Gəncliyə Yardım Fondunun nümayəndəsi Eldar Kərimov və Bəxtiyar Vahabzadənin nəticəsi Çingiz Sadıqov çıxış ediblər.

Çıxışı zamanı Baş katib Mehmet Süreyya Er bu ildönümünün türk dünyasının ədəbi, mədəni və intellektual tarixində özünəməxsus yer tutan, dərin düşüncələri ilə ədəbi-fəlsəfi irsimizi zənginləşdirən böyük şairin ruhuna və irsinə bir daha ehtiramın ifadə edilməsi üçün mühüm fürsət olduğunu bildirib. O, əsərlərində azadlıq ideallarına, milli ruh və birliyə, istiqlal məfkurəsinə sədaqəti təcəssüm etdirən və tarixin çətin dövrlərində poeziyası həqiqət və vicdanın səsinə çevrilərək qəlblərə cəsarət, qürur və ümid aşılayan Bəxtiyar Vahabzadənin türk dünyasının böyük oğlu olduğunu vurğulayıb.

Bəxtiyar Vahabzadə yaradıcılığının ədəbiyyat və mədəniyyətin birliyimiz üçün necə güclü körpülər olduğunu bizə xatırlatdığını ifadə edən Baş katib böyük şairin qələmi ilə türk dünyası ədəbiyyatına verdiyi qiymətli töhfələr, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, xalqına millət vəkili kimi də xidmət etdiyini qeyd edib. O bildirib ki, belə ildönümlərinin qeyd olunması həmçinin ortaq kimlik hissinin gücləndirilməsi, mədəni bağların dərinləşdirilməsi, onların müdrikliyinin, fikir və düşüncələrinin gənc nəslə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Çıxışının yekununda Baş katib Bəxtiyar Vahabzadənin ölməz əsərlərinin xalqlarımızı ilhamlandırmağa və türk birliyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcəyinə əminliyini ifadə edib.

Tədbir iştirakçıları vətənə, doğma dilə məhəbbət, əxlaqi dəyərlərə sədaqət və türk xalqlarının qardaşlığına sarsılmaz inam kimi dəyərlərin inkişafı və təşviqində Bəxtiyar Vahabzadə yaradıcılığının rolunu vurğulayıblar. Şairin dostları və şair ilə şəxsən tanış olmuş iştirakçılar onunla keçirdikləri vaxt və şairlə şəxsi ünsiyyətləri ilə bağlı səmimi xatirələrini bölüşüblər. İştirakçılar iftixarla qeyd ediblər ki, şairin yaradıcılığı və şəxsiyyətinin unikallığı bütün türk dünyasında yüksək qiymətləndirilir.

Tədbir çərçivəsində iştirakçılar Bəxtiyar Vahabzadənin ev-muzeyini həmçinin Şəki Xan Sarayını ziyarət ediblər. Bəxtiyar Vahabzadənin ev-muzeyində iştirakçılar şairin həyat və yaradıcılıq yolunu əks etdirən şəxsi əşyaları, əlyazmaları, fotoşəkilləri və zəngin ədəbi irsi ilə tanış olublar. Tədbir Bəxtiyar Vahabzadənin Şəkidəki abidəsi önünə gül qoyulması ilə başa çatıb.

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil edilən tədbirlərlə qeyd olunur. Bəxtiyar Vahabzadənin dostlarının görüşü türk dünyasının böyük şairinin 100 illik yubileyinin qeyd olunmasına töhfə vermək məqsədilə və türk dövlətləri arasında mədəni əməkdaşlığın təşviqi, mənəvi bağların möhkəmləndirilməsi çərçivəsində təşkil edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ