Modern.az

“Füzuli qəzəlləri Azərbaycan musiqisində” kitabının təqdimatı olub

“Füzuli qəzəlləri Azərbaycan musiqisində” kitabının təqdimatı olub

Mədəniyyət

3 Oktyabr 2025, 14:00

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Kazımovanın müəllifi olduğu “Füzuli qəzəlləri Azərbaycan musiqisində” adlı kitabın təqdimat mərasimi keçirlib.

Modern.az xəbər verir ki, təqdimatda tanınmış incəsənət xadimləri, musiqişünas alimlər və ədəbiyyatşünaslar iştirak ediblər. Kitab Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunub və “Şərq-Qərb” nəşriyyatı tərəfindən çap edilib.

Əsərin elmi redaktoru akademik Zemfira Səfərova, rəyçiləri isə akademik Nizami Cəfərov və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadədir.

Monoqrafiyada böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərinin yüksək poetikası, daxili ritmi, vəzn və bəhr xüsusiyyətləri araşdırılır, onların muğamlarımızla və Azərbaycan bəstəkarlarının yaradıcılığı ilə bağlılığı tədqiq edilir. Füzuli lirikasının musiqimizə, xüsusilə muğam sənətində, bəstəkarların yaradıcılığındakı təsiri elmi əsaslarla təhlil olunur.

Çıxış edən akademik Nizami Cəfərov kitabı Azərbaycan elminə mühüm töhfə kimi dəyərləndirib və qeyd edib ki, əsər ədəbiyyatla musiqinin vəhdətini elmi müstəvidə təqdim edir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə isə bildirib ki, monoqrafiya gənc tədqiqatçılar üçün dəyərli mənbədir və yeni araşdırmalar üçün istiqamət açır.

“Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova kitabın nəşr prosesindən danışıb və əsərin əhəmiyyətini vurğulayıb:
“Bu kitab yalnız bir elmi əsər deyil, həm də Azərbaycan mədəniyyətinin dərin qatlarını üzə çıxaran mühüm mənbədir. Füzuli yaradıcılığının musiqimizlə qovuşması milli-mənəvi sərvətimizdir və belə əsərlərin çap olunması bizim üçün qürurvericidir”.

Müəllif Lalə Kazımova isə çıxışında kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə – elmi redaktor və rəyçilərə, nəşriyyat rəhbərliyinə, həmçinin bütün dəstək göstərənlərə təşəkkürünü bildirib.
Təqdimat musiqili proqramla davam edib. Solistlərin ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun əsərləri səsləndirilib.

Sizə yeni x var
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?