Modern.az

Antalya Kitabxanasında Azərbaycan Bölməsi açılıb - FOTOLAR

Antalya Kitabxanasında Azərbaycan Bölməsi açılıb - FOTOLAR

Mədəniyyət

6 Noyabr 2025, 11:38

Türkiyənin Antalya şəhərində keçirilən  Azərbaycan Mədəniyyət Səfirləri Forumu çərçivəsində həmin şəhərin ən böyük kitabxanalarının birində Azərbaycan Bölməsi açılıb.

Bölmə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycanın Türkiyədəki səfirliyinin, Antalya Kəpəz Bələdiyyəsinin dəstəyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəylik Mərkəzinin layihəsi ilə yaradılıb.

Antalya Kitabxanasında Azərbaycan Bölməsinin açılışı ilə əlaqədar keçirilən mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov, Antalya Valisinin müavini Ayhan Yazqan və Antalya Kəpəz Bələdiyyəsinin sədri Mesut Kocagöz iştirak ediblər.

Açılış mərasimində Antalya Kitabxanasının direktoru Oğuzhan Ceylan yeni yaradılmış Azərbaycan Bölməsi haqqında məlumat verərək qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılmış Bölmədə Türkiyə ilə bağlı 700 nüsxə müxtəlif nəşr var.
Digər çıxış edənlər kitabxanada Azərbaycan Bölməsinin yaradılmasını yüksək qiymətləndirərək, bunun iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini qeyd ediblər. Daha sonra bölmənin simvolik açılışı üçün lent kəsilib.

Kitabxananın Azərbaycan bölməsində klassik və müasir ədəbiyyat, ölkəmizin tarixi və incəsənəti, eləcə də şanlı qələbəmiz haqqında nəşrlər yer alır.

Məlumat üçün bildirək ki, Antalya Kitabxanası 24 saat fəaliyyət göstərir kitabxananın 100.000 qeydiyyatdan keçmiş oxucusu var, onlardan 1000-i Azərbaycan vətəndaşıdır.

Hikmət Xudiyev,
Ankara

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı