Modern.az

Qarabağda 749 dövlət qeydiyyatında olan abidə var - RƏSMİ

Qarabağda 749 dövlət qeydiyyatında olan abidə var - RƏSMİ

Mədəniyyət

11 Noyabr 2025, 10:49

İşğaldan azad olunmuş ərazilərdə 705 (44 abidə də 2025-ci ildə əlavə olunub. Ümumi 749) dövlət qeydiyyatında olan abidə yerləşir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən 550 abidənin, eləcə də 402 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırması həyata keçirilib.

“Dövlət mühafizəsində olan 749 abidədən 155 abidədə inventarlaşdırılma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövrlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi  inventarlaşdırılma işlərinin aparılmasında çətinlik törədir. Qeyd edək ki, 2025-ci ilin sentyabr-oktyabr aylarında inventarlaşırma işləri davam etdirilib. Yaxın günlərdə onun da nəticələrini elan edəcəyik”,-məlumatda deyilir.

Nazirlikdən verilən məlumata görə, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılmış, 114 abidə müxtəlif həcmdə və miqyasda dağıntıya məruz qalmış, digərlərinə isə müxtəlif dərəcədə ziyan dəyib.

Dövlət Xidməti tərəfindən 434 abidəyə dəyən maddi zərərin məbləği hesablanmış, ümumilikdə dəymiş zərər 700 milyon 154 min manat təşkil edir.

Həmçinin, işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına əlavə edilib.

Ötən il Ağdam rayonunda yerləşən Pənahəli xanın İmarət Kompleksində bərpa işləri tamamlanmış, dövlət başçısının iştirakı ilə açılışı olub.

Eyni zamanda Əsgəran qalsında bərpa işlərin aparılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Əsgəran qala-kompleksinin layihəsi ölkə rəhbərliyinə təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı