Şəhidlərimizin müqəddəs ruhunu, ölkəmizdəki vətənpərvərlik hisslərini, döyüşçülərimizin qəhrəmanlıqlarını, fədakarlıqlarını, döyüş şücaətlərini ədəbi-bədii əsərlərdə, vətənpərvərlik mahnılarında əks etdirən, filmləşdirərək gələcəyə salnamə kimi qoruyub saxlayanların sırasına Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) də 21 filmlə öz töhfəsini verib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 5 illik bir dövrü əhatə edən bu qısa zamanda Azərbaycan Respublikasının dövlət dəstəyi ilə sürətlə Qarabağ hadisələrinin, konkret olaraq 44 günlük Vətən Müharibəsi və Zəfər tariximizin filmləşdirilməsi prosesləri aparılıb. Bu siyasəti həyata keçirən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin göstərdiyi 5 milyon 821 min 051 manat maliyyə dəstəyi ilə ekranlaşdırılan bədii, sənədli, bədii-sənədli, qısametrajlı animasiya filmləri tam hazırlanaraq Azərbaycan tamaşaçılarının ixtiyarına verilib.
Qeyd edilib ki, başdan-başa vətənpərvərlik çağırışları, şəhidlərimizin müqəddəs ruhlarına ehtiram üzərində fokuslanan 21 ekran işinin sırasında Nərimanfilm MMC-nin istehsal etdiyi “Doğma Torpaq”, Ultra-Prodakşn MMC-nin istehsal etdiyi “Əlvida, Noyabr”, Bakı Media MMC-nin istehsal etdiyi “44”, Bakı Media MMC-nin istehsal etdiyi “Borc”, Şahdağ-film MMC-nin istehsal etdiyi “Tənha İnsanın Monoloqu” kimi bədii, Oskar-film MMC-nin istehsal etdiyi “Danışır və Göstərir Şuşa”, Qulp Studio MMC-nin istehsal etdiyi “Şuşa Həbsxanasının Əsirləri” kimi sənədli, Peri-Film MMC-nin istehsal etdiyi “Narqız”, “3Dost Prodakşn MMC-nin istehsal etdiyi “44 gün” kimi animasiya filmlərini və başqa ekran işlərini göstərmək olar.