Modern.az

Dövlət kinoya pul ayırır, nəticə yoxdur...

Dövlət kinoya pul ayırır, nəticə yoxdur...

Mədəniyyət

17 Noyabr 2025, 11:22

2025-ci ildə Azərbaycan Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. Artıq 11-ci aydır, indiyədək həmin vəsaitin 41 %-i - 3,5 milyon manatı istifadə olunub. Hələ 5 milyon manat isə istifadə olunmamış qalıq var. 2026-cı ildən isə bu sahəyə maliyyə ayrılmayacağı bildirilir. Bu Milli Məclisin bir neçə gün öncə baş tutan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində müzakirə olunub.  

Mövzu ilə bağlı Modern.az-a danışan mədəniyyət sahəsi üzrə hüquqşünas Fikrin Bəktaşi bildirib ki, əslində bu  vəsaitin ayrılmaması gözlənilirdi:

“Yəni bugünkü nəticələr vaxtilə ardıcıl səhvlərin nəticəsidir. Kino Agentliyində peşəkarlardan ibarət komandanın yığılması yubandı. Kino Agentliyinə verilmiş səlahiyyətlər məhdud şəkildə icra edildi və nəticədə ümumi sahənin idarəedilməsi, tələb olunan istiqamətlərdə xərclənməsi və uğurlu layihələrin ərsəyə gəlməsini gecikdirdi, bəzi hallarda isə mümkünsüz etdi. Maliyyə Nazirliyi bu işin pul tərəfinə baxır, yəni hesabda pullar varsa, deməli nələrsə düzgün idarə edilməyib, vaxtında təşkil olunmayıb. Mən isə bu məsələyə başqa bucaqdan baxıram, yenə də mədəni məzmunda qıtlıq yarandı, universitet məzunları üçün yeni iş yerləri açılmadı və layihələr keçirilmədi, xarici filmlər və əsərlər daxili bazarı tutdu”.

Hüquqşünas “2026-cı ildən etibarən kino sahəsi necə maliyyələşəcək?” sualımıza cavab olaraq bildirib ki, əslində, Kino Agentliyində pul var:

“Yəni sadə desək, büdcədə vəsaitlər təqdim edilmiş xərclər və növbəti ilə verilən proqnozlar əsasında ayrılır. Agentlik tərəfindən 2026-ya verilmiş proqnozlar tam şəkildə icra olunmalıdır, ki, ən azı 2027-ci ildə 2025-ci ilə uyğun həcmdə pul ayrıla bilsin. Bunun üçün Kino Agentliyi üzərinə düşən öhdəlikləri tam şəkildə icra etməlidir, qərarları daha çevik verilməlidir, maliyyələşməni isə daha asan şəkildə həyata keçirməlidir. Bu olmasa, 2027-ci ildə dövlətin dəstəyi ilə heç bir film istehsal olunmayacaq”.

F.Bəktaşi vəsaitin ayrılmamasına münasibət bildirərkən söyləyib ki, bir çox dövlətlərdə bu təcrübə var, çox vacib məsələdir: “Kino bazarımız yoxdur. Dövlət isə ilk öncə bazarı gücləndirməlidir və həmin bazarda yerli məhsulların minimal həcmini təmin etməlidir. Təbii haldır ki, prodüserlər, rejissor və ssenaristlər kommersiya layihələri haqda düşünmürlər. Amma, tamaşaçı həmin mövzulara və janrlara vaxtaşırı müraciət edir və öz ehtiyaclarını xarici məhsullarla təmin edir. Bazar formalaşana qədər və deyərdim ki, türk dünyasına inteqrasiya edənə qədər, dövlət bazarda tənzimləməni təmin etməlidir ki, daxili bazarda yerli istehsal payı və yerli istehsalın janr müxtəlifliyini qorunsun. Misal üçün, patriotik filmlər, uşaq filmləri, salnamə, sənədli filmlər, kino serialları və s. investorlar üçün maraqlı deyil, çünki qoyulan vəsait özünü doğrutmur. Dövlət tərəfindən həm dəstək olmalıdır, həm bazar tənzimlənməsi olmalıdır ki, sənayemiz və infrastrukturumuz işlək vəziyyətdə olsun”.

Balta Animasiyasının prodüseri Nicat Manafov isə hesab edir ki, dövlət büdcəsindən kifayət qədər vəsait ayrılsa da, bu vəsaitlər nəticəsində çəkilən filmlər geniş izləyici kütləsinə çata bilmir. Nəticədə, tamaşaçıya maraqlı və keyfiyyətli məhsullar ortaya çıxmır:

"Bəzi rejissorlar və sənətçilər bu vəziyyəti “dövlət ideologiyasını yaymaq” kimi bəhanələrlə izah etməyə çalışırlar. Lakin əgər bu filmləri heç kim izləmir və onlar cəmiyyətə təsir göstərmirsə, bu ideologiyanın yayılmasından necə danışmaq olar?”

Həmsöhbətimiz vurğulayıb ki, illərdir dövlət büdcəsindən ayrılan vəsaitlər bəzi şəxslər üçün imtiyazlı gəlir mənbəyinə çevrilib:

“Pullar xərclənir, amma nəticə etibarilə qeyri-effektiv, tamaşaçı tərəfindən maraq görməyən filmlər yaranır. Əlbəttə, az da olsa, izləyicilər tərəfindən bəyənilən və televiziya ekranlarında göstərilən bəzi sənədli tipli layihələr də meydana çıxıb. Lakin ümumi mənzərədə vəziyyət ürəkaçan deyil.

Əslində sual budur: dövlət niyə kinoya büdcə ayırmalıdır?

Dövlətin işi birbaşa kino istehsalı ilə məşğul olmaq deyil. Dövlətin rolu infrastruktur yaratmaq, hüquqi bazanı formalaşdırmaq, vergi güzəştləri tətbiq etmək və sərbəst, liberal iqtisadi mühitin formalaşmasına şərait yaratmaqdır. Kino Agentliyi, Mədəniyyət Nazirliyi və digər dövlət qurumları film istehsalı ilə məşğul olduqda, bu, bazarda rəqabəti pozur, insanları asılılığa, qrant vəsaitlərinə öyrəşdirir, nəticədə yaradıcı tənbəllik formalaşır”.

O bildirib ki, dövlət qurumlarının əsas məqsədi ekosistemi formalaşdırmaq və kinonun sənaye kimi inkişafına şərait yaratmaq olmalıdır:

“Keçmiş təcrübəyə əsasən, dövlət tərəfindən ayrılan vəsaitlərin səmərəli xərclənəcəyinə dair gözləntilər çox aşağıdır. İndiyədək ayrılan böyük pullar səmərə verməyibsə, bundan sonra da eyni nəticə gözləmək çətindir. Ola bilər, yenə bir neçə film çəkilsin, amma onların da böyük əksəriyyəti tamaşaçı tərəfindən maraqla qarşılanmasın. Bununla belə, arzulayıram ki, mənim bu fikirlərim səhv çıxsın və heç olmasa bir film izləyicilər arasında izdiham yaratsın.

Kino Agentliyi tərəfindən keçirilən müsabiqələrə gəlincə, bu yarışmalar əsasən həvəskar səviyyəsində olan gənclərə dəstək məqsədi daşımalıdır. Professional şirkətlərə isə dövlət vəsaiti ayrılmamalıdır. Peşəkar şirkətlər bazar prinsipləri ilə işləməli, sərmayə cəlb etməli, layihələrinin rentabelliyini təmin etməlidirlər”.

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu