“Fəxri ad sahiblərinə maddi dəstək məsələsi hər zamanda aktualdır. Azərbaycan cəmiyyətində durum daha kəskindir. Cəmiyyətin normal düşünən hər bir üzvü anlayır ki, fəxri adlara görə 500 manat məbləğ də sosial stimullaşma yaratma gücündə deyil. Azərbaycan iqtisadiyyatı reallığında yaradıcı insanlara verilən təqaüdlər o qədər kiçikdir ki, adam dilinə gətirməyə utanır”.
Bu sözləri Modern.az-a sosioloq Asif Bayramov bildirib.
O qeyd edib ki, sovet dövründə yaradıcı insanların ideologiyaya xidmət etməsi üçün xüsusi idarəetmə siyasəti var idi.
“Onları 5-6 aylıq kurort-turizm zonalarına istirahətə göndərirdilər. Bu müddət ərzində incəsənət işçisindən bir əsər, bir yaradıcılıq nümunəsi tələb olunurdu. Məhz bu siyasətin hesabına postsovet ölkələrində tanınmış korifeylər yetişdi.
Sənətkarlar xüsusi himayə altında olmalıdırlar. Ancaq 1991-ci ildən sonra sənətkar yetişməsi barədə heç bir söz deyə bilmirik. İncəsənət xadimlərimiz inciməsin”.
Qeyd edək ki, Azərbaycanda "Xalq" fəxri adına görə təyin olunan təqaüdün məbləği 300 manat, "Əməkdar" fəxri adına görə isə 200 manatdır.
Cavid Zahidoğlu